Gömrük 26 yaşlı qıza həvalə edildi

23:25 | 16.10.2015
Gömrük 26 yaşlı qıza həvalə edildi

Gömrük 26 yaşlı qıza həvalə edildi

Gecə klubunda 5 illik iş təcrübəsi olan top-model mətbuat xidməti, jurnalist köməkçi...

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili 26 yaşlı bir qızı ölkənin gömrüyünə rəhbər təyin edib.

ANS PRESS-in məlumatına görə, 26 yaşlı Yuliya Maruşevskayanın yeni təyinatı haqqında prezident Petro Poroşenkoya da məlumat verilib. O da öz tvitter hesabında bu haqda xəbəri izləyiciləri ilə paylaşıb.

"Biz Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirovla bu haqda danışmışıq. O, bizi əmin etdi ki, bu həftə, biz oktyabrın 16-na danışmışıq, Odessa gömrüyünün yeni rəhbəri mənim təklif etdiyim namizəd təyin ediləcək. Bu, Yuliya Maruşevskayadır", - deyə Mixail Saakaşvili bildirib. 


Yuliya Maruşevskaya


O həmçinin bildirib ki, Maruşevskayanın komandasında ona gürcü müşavirlər kömək edəcəklər. "Onlar vaxtilə Gürcüstan gömrüyündə islahatlar aparan şəxslərdir", - deyə Odessanın gürcü qubernatoru əlavə edib.

Saakaşvilinin sözlərinə görə, Maruşevskayanın təyinatından dərhal sonra onun komandası gömrükdə kadr müsabiqəsi üçün hazırlıqlara başlayacaq. Gömrük işçiləri də məhz bu müsabiqə yolu ilə seçiləcək.



Ümumiyyətlə, Mixail Saakaşvili Ukraynada vəzifə alandan sonra daim öz təyinatları ilə təəccübləndirib. O, ətrafına anti-rus düşüncəli və Gürcüstanda hakimiyyətdə olduğu müddətdə tərəfdarı olan şəxsləri toplayaraq Ukraynada yüksək vəzifələrə gətirir.

Məsələn, bir müddət əvvəl o, məşhur rus yazıçısı Arkadi Qaydarın nəvəsi, Rusiyanın dövlət və siyasi xadimi Yeqor Qaydarın qızı Mariya Qaydarı özünə yeni köməkçi təyin edib. Mariya Qaydar özünün namizədliyi haqqında biləndə Rusiya vətəndaşlığından imtina etməyə hazır olduğunu da bildirmişdi.


Mariya Qaydar


Bundan başqa, Ukraynanın Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov da Saakaşvilinin təyinatı ilə həmin vəzifəni tutub. O, Ukrayna Ali Radasına Prezident Pyotr Poroşenkonun "Blok Pyotr Poroşenka" Partiyasından seçilib. İndi isə o, parlamentin gömrük və vergi məsələləri üzrə komitəsinə rəhbərlik edir. 

Onun atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman Nəsirov uzun müddət bank sektorunda fəaliyyət göstərib. 2014-cü il oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərdə prezident Pyotr Poroşenkonun blokundan deputat seçilib.


Roman Nəsirov (solda) və Mixail Saakaşvili (sağda)


Bununla belə, Saakaşvilinin ən qalmaqallı təyinatlarından biri model Anna Pençeva ilə bağlıdır. O, 28 yaşlı fotomodel, "Odessa fashion channel" telekanalının aparıcısı Anna Pençevanı yerli polis orqanına mətbuat katibi təyin edib. 

Anna Pençevanın atası Odessanın ən məşhur gecə klublarından birinin sahibidir. Annanın özü də bir müddət orada işləyib. 5 illik top-model karyerası ərzində fotoları jurnalların üz qabığına çıxıb. Hətta "Maxim" jurnalı üçün çılpaq foto sessiya da verib.


Anna Pençeva

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM