Alimlərdən ibarət beynəlxalq qrup belə qənaətə gəlib ki, Günəş sisteminin hərəkət sürəti ulduzlararası sahəni dolduran qaza nisbətən zəifləyir.Alimlərin apardıqları tədqiqatın nəticələri "Astrophysical Journal Supplement" jurnalında dərc olunub. Məlumatlar IBEX peyki (Interstellar Boundary Explorer - Ulduzlararası sahənin sərhədlərinin tədqiqatçısı) vasitəsilə əldə olunub. Peyk 2008-ci ilin oktyabrında orbitə buraxılıb və Yer ətrafında 300 min kilometrlik apogeylə güclü şəkildə dartılmış elliptik orbit üzrə hərəkət edir.Neytral heliumun atomlarını izləyən və heliosferin daxilinə sərbəst nüfuz edən IBEX zondunun ölçməsi göstərir ki, 2009-2010-cu illərdə ulduzlararası mühitdə Günəş sisteminin sürəti saniyədə 22,8 kilometr təşkil edib. Eyni zamanda, 1993-cü ildə "Ulysses" kosmik cihazının analoji ölçməsi daha yüksək, yəni saniyədə 26,3 kilometr sürəti qeydə almışdı.Alimlər istisna etmirlər ki, sürətdəki fərqlər Günəş sisteminin ulduzlararası mühitin Günəşin 19 il əvvəl yerləşdiyi regiondan fərqləndiyi qalaktika ərazisində olması ilə bağlıdır.IBEX-in məlumatlarının meydana çıxardığı çoxsaylı sualları hələ 1977-ci ildə orbitə buraxılan Voyager-1 və Voyager-2 cihazları da aydınlaşdıra bilər. Qeyd edək ki, birinci cihaz Günəş sisteminin staqnasiyalar regionu adlandırılan ərazisinə ötən ilin dekabrında çatıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !