Gonbulları Azərbaycanda polis sıralarına götürmürlər

13:45 | 04.06.2015
Gonbulları Azərbaycanda polis sıralarına götürmürlər

Gonbulları Azərbaycanda polis sıralarına götürmürlər

Dünyanın əksər inkişaf etmiş ölkəsində ya şişman polislərdən imtina edilir, ya da onlar qarşısında arıqlamaq şərt kimi qoyulur.

Bəs, bu sahədə Azərbaycanda vəziyyət necədir?

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az-a bildirib ki, polis orqanlarında işə qəbul konkret meyarlar əsasında həyata keçirilir: "Keçmiş dönəmlərin təcrübəsi zamanla təkmilləşir. Bu, hazırda Polis Akademiyasını bitirən şəxslərin müxtəlif qurumlara göndərilməsinin şəffaf qaydada həyata keçirilməsində, o cümlədən kadrlara yönəlik tələblərdə təzahür edir. Sıravi heyətə gələndə isə yerli polis strukturları onların müxtəlif təlimlərə, kurslara getməsini təmin edir”.

Deputat daxili işlər naziri Ramil Usubovun bu sahədəki fəaliyyətinə diqqət çəkib: "İndiki gerçəklikdə cənab Ramil Usubov daha fərqli yanaşma tətbiq etməkdədir. Zənn edirəm ki, bu, polisin işi, fəaliyyəti, ölkədə cinayətkarlıqla mübarizə ilə yanaşı, həm də zahiri görünüşünə daxil olan addımlardır. Nazir bilvasitə zona müşavirələrində həmin ərazilər üzrə işə qəbul arzusunda olan insanların hər birini şəxsi baxışdan keçirməklə özünün müşahidəsi altına alır, məsələyə nəzarət edir. Hər hanası subyektiv hallar - qohumluq, tanışlıq, dostluq və s. kimi amillərdən irəli gələn və standartdan kənar olan kəslərin bu orqanlara düşməsinin qarşısı alınır.

Sonuncu qəbul bir neçə gün öncə Bərdədə keçirilib. Məndə olan məlumata görə orda 900-ə yaxın şəxs müraciət etsə də, onlardan az qismi, təxminən1/9-i bu sferada işə qəbul üçün yararlı sayılıb. Onların  hər biri haqqında sənədlərin toplanması, məsələdə neqativliyə yol verilməməsi bilvasitə nazir tərəfindən nəzarətdədir”.

Z.Oruc hüquq-mühafizə orqanlarında çalışmaq istəyənlərin göstəricilərilə bağlı belə deyib: "Bu orqanda çalışmaq istəyənlər 20 yaşını tamamlamalı, həmçinin 1 metr 84 santimetr boyunda olmalıdır. Eyni zamanda polisi öz görkəmilə təmsil etməlidirlər. Düşünürəm ki, bu çox yerindədir. Çünki həqiqətən də polis sferası polis orqanlarının mühüm hissəsini təşkil edir. Onlar ictimai asayiş, cəmiyyətin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayırlar”.

Millət vəkili polis simasının cəmiyyətdə güvənli yerə çevrilməsi üçün nazirlik tərəfindən addımlar atıldığını xüsusi vurğulayıb: "Hesab edirəm ki, ağır çəki dərəcəsində olan polislərə fiziki halının bir elementi kimi yanaşmaq olar. Polis orqanlarına qəbul üçün çox sərt tələblər və standartlar var. Normalara çəki dərəcəsi kimi bir amili daxil etməyimiz bəlkə də vətəndaş haqlarının pozulması analamına gələrdi. Qurumun spesifik tələbləri var. Bu elə sahədir ki, natural göstəricilər önəm daşıyır. Çünki bunlar həm ölkəni təmsil edir, həm də çeviklik, operativlik, cəldlik kimi keyfiyyətlər işin əsas amilinə çevrilir. Belə olan təqdirdə yaşı 35-dən yuxarı, çəkisi "silahsız göz”lə görünən və qədərindən artıq, ictimai rəylə o vəzifəyə uyğun olmayan şəxslərin hamısını qanundankənar elan edib sistemdən uzaqlaşdırmaq da doğru olmaz. Məsələni elə tənzimləmək lazımdır ki, burada hər kəs özünə qarşı tələbkar yanaşsın. Anlasın ki, polis orqanlarında işləmək üçün tələb olunan normativlər nədir. Və həmin normativlərə nazirin özü bilvasitə nəzarət edir. Minlərlə insan içərisindən az qismin seçilməsi onun seçici olduğunun sübutudur.  Ramil Usubov polis orqanlarının cüssəli, boylu-buxunlu, səliqə-səhmanlı, intizamlı, əqidəcə saf olması üçün çalışan insandır”.

Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq hazırda polis orqanlarında normadam artıq kök əməkdaşlara rast gəlinmir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti