ABŞ-ın "Google” şirkəti Tayvanın məşhur smartfon istehsalçısı olan "HTC"-nin biznesinin bir qismini satın aldığını açıqlayıb.
anews.az tass.ru-ya istinadən xəbər verir ki, tərəflər arasında imzalanan razılaşmaya əsasən, "HTC"-nin bir sıra əməkdaşları, o cümlədən "Pixel” smartfonlarının işlənib-hazırlanması ilə əlaqədar "Google” ilə daha öncə əməkdaşlıq etmiş şəxslər ABŞ şirkətinə keçəcək. Bundan başqa, "Google” "HTC"-nin intellektual mülkiyyəti üzərində bəzi hüquqlar əldə edəcək.
Müqavilənin dəyəri 1,1 milyard dollar təşkil edir. Bu sövdələşmə "Google”ın mobil cihazlar bazarında mövqeyini gücləndirməyə imkan yaradacaq. "HTC" mütəxəssisləri yaxın illərdə bir sıra innovasion məhsulların hazırlanmasında "Google”a kömək edəcəklər. Öz növbəsində razılaşma "HTC"-nin öz maliyyə göstəricilərini yaxşılaşdırmasına imkan verəcək. "HTC" öz brendini saxlayacaq və smartfon istehsalına davam edəcək. Belə ki, ilin sonuna qədər şirkət 3 yeni cihaz buraxmağı planlaşdırır. Bu cihazların hazırda kod adları məlumdur: "Ocean Master”, "Ocean Harmony” və "Ocean Lite”.
Bundan başqa, "HTC" əldə etdiyi vəsaitlə virtual reallıq istiqamətində işlərini gücləndirəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !