“Greencard Azərbaycan”a qarşı şok iddia: “Qaydaya əməl olunmur, qaliblərə evlilik təklif olunur” – Video

23:20 | 27.06.2019
“Greencard Azərbaycan”a qarşı şok iddia: “Qaydaya əməl olunmur, qaliblərə evlilik təklif olunur” – Video

“Greencard Azərbaycan”a qarşı şok iddia: “Qaydaya əməl olunmur, qaliblərə evlilik təklif olunur” – Video

Bakı şəhər sakini Quliyev Rəsul Hikmət oğlu "Greencard Azərbaycan” MMC-dən şikayətçidir.
Şikayətçi bizimyol.info-ya bildirib ki, ABŞ-da yaşamaq, işləmək, oxumaq və daimi vizasız rejimdə girib çıxmaq hüququ verən "Greencard” vəsiqəsinə sahib olmaq üçün o, 2015-ci ildə "Greencard Azərbaycan” MMC vasitəsilə ABŞ dövlətinə müraciət edib.
R.Quliyev deyib ki, növbəti illərdə də adıçəkilən şirkət onun "Greencard”a sahib olması üçün müraciətlər edib. O, ancaq 2018-ci ildə "Greencard” lotoreyasının qalib olmaqla Amerika vətəndaşı ilə eyni hüquqlara malik olub. Bundan sonra "Greencard Azərbaycan” MMC R.Quliyevlə əlaqə saxlayıb.
"Şirkətin rəsmisi viza alacağım və ABŞ-a köçə biləcəyimlə bağlı mənə zamənət verdi. Mən də inanıb razılaşdım. Müqavilə bağladıq. Mənə verilən zəmanətin və göstəriləcək xidmətin qarşılığında məndən 800 ABŞ dolları alındı, 1000 dolları isə sənədləşmə işlərinə, tibbi müayinə, Tbilisi şəhərinə getmək üçün nəqliyyat xərclərinə və viza üçün ABŞ-ın Gürcüstandakı səfirliyinə xərclədim”,-deyə R.Quliyev bildirib.
Onun sözlərinə görə, loteriyanın qalibi olsa da, ABŞ-ın Tbilisidəki səfirliyi ona viza verməyib: "Buna səbəb isə "Greencard Azərbaycan” MMC-nin qaydalara əməl etməməsidir. Belə ki, hər il edilən müraciətdə mənim yeni şəkilim göndərilməli idi. Şirkət bu qaydaya əməl etmədiyi üçün mənə viza verilmədi. Nəticədə mənə 1800 ABŞ dolları məbləğində zərər dəyib”.
Şikayətçi iddia edib ki, "Greencard Azərbaycan” MMC ona dəymiş zərəri ödəməkdən imtina edib: "Şirkət mənə dəymiş zərərin yalnız 800 ABŞ dollarını qaytaracağını bildirdi. Sənədləşmə işlərinə və viza almaq üçün xərclədiyim 1000 ABŞ dolları isə qaytarılmır. Mən məsələni ictimailəşdirəcəyimi bildirəndə isə mənə 200 ABŞ dolları veriləcəyi bildirilib. Mən isə dəymiş zərərin tam ödənilməsini tələb edirəm”.
Vətəndaş Quliyev Rəsul Hikmət oğlunun şikayəti əsasında "Greencard Azərbaycan” MMC-yə informasiya sorğusu göndərilib. Şirkətdən sorğuya verilən cavabda Quliyev Rəsul Hikmət oğlunun şirkətin müştərisi olduğu təsdiqlənib: "2018-ci ilin may ayında "Greencard” proqramı üzrə qalib olduğunu təsdiqləyirik. Eyni zamanda şirkətimizlə konsultasiya xidmətinin göstərilməsi üçün 800 ABŞ dolları ödədiyini təsdiqləyirik. Şirkətimiz nə şifahi, nə də yazılı olaraq heç bir müştəriyə zəmanət vermir və Quliyev Rəsul Hikmət oğlunun şirkətimizlə imzaladığı müqavilədə əks olunub. Bağlanılmış müqavilə, viza alınması üçün konsultasiya xidmətinin göstərilməsi üçün nəzərdə tutulubdur. Müqavilədə, "müştəri viza ala bilmədiyi təqdirdə şirkətə ödənilmiş məbləği tam formada geri alacaqdır və şirkətə ödədiyi rüsumdan başqa heç bir iddia qaldırmayacaqdır” bəndi qeyd olunub.
İmmiqrasiya işlərində zəmanətin verilməsi düzgün sayılmır və xaricə köç etməkdə uğurlu olan da, olmayan da şəxslər olur. Hər bir halda, bu tipli konfliktlərin baş verməməsi üçün şirkətimiz bütün müştərilərimizlə rəsmi müqavilə bağlayır və spesifik öhdəliklər, şərtlər qeyd olunur.
Şirkətimizlə son görüşdə Rəsul Quliyev şirkətimizə ödədiyi məbləğdən əlavə məbləği ona verməyimizi tələb edib və Rəsul Quliyevə bununla bağlı, məsələni hüquqi çərçivədə, məhkəmə yolu ilə iddia qaldırmaq hüququnun olduğunu bildirmişik. Əgər həqiqətən də şirkətin həmin şəxsə ödənilmiş məbləğdən əlavə hər hansı məbləği də ödəməklə bağlı məhkəmə qərarı olarsa, əlbəttə ki, bunu ödəməyə hazırıq.
Lakin Rəsul Quliyev, bununla bağlı məhkəməyə müraciət etmək istəmədiyini bildirmiş, şirkətimizin repyutasiyasına xələl gətirmək üçün müxtəlif media qurumlarına müraciət edəcəyini və şirkətimizi bu formada şantaj edəcəyini bildirmişdir. Artıq, ilk addımlarını da atdığını müşahidə edirik.
Xülasə olaraq yenə də bildirmək istərdik ki, Rəsul Quliyev şirkətimizlə bağladığı müqavilə çərçivəsində ödədiyi 800 ABŞ dollarını istənilən vaxt şirkətimizə yaxınlaşıb götürə bilər (bu günə kimi özü könüllü olaraq götürməyib). Əgər şirkətimizə ödədiyi məbləğdən əlavə məbləğ tələb edirsə, istənilən vaxt məhkəməyə müraciət edə bilər.
Bunun xaricində Rəsul Quliyevlə şirkətimiz arasında heç bir mübahisəli məsələ yoxdur. Həm mövcud iddia (daha çox emosianallıqdan qaynaqlanır), həm də istənilən digər iddialar əsassızdır və şirkətimizə qarşı qara yaxma xarakteri daşıyır”.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM