Görkəmli bəstəkar Fikrət Əmirovun doğum günüdür

12:58 | 22.11.2013
Görkəmli bəstəkar Fikrət Əmirovun doğum günüdür

Görkəmli bəstəkar Fikrət Əmirovun doğum günüdür

Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun doğum günüdür.

ANN.Az xəbər verir ki, Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə musiqiçi Məşədi Cəmilin ailəsində anadan olub.

Məşədi Cəmil Azərbaycanda, İranda, Türkiyədə, Gürcüstanda ifaçı-musiqiçi, sonralar isə müəllim kimi məşhur idi. O, ilk dəfə doğma şəhərində musiqi məktəbi təşkil edib, daha sonra həmin məktəbin rəhbəri olub. Təbiidir ki, atası gələcək bəstəkarın tərbiyəsinə və musiqi qabiliyyətinin inkişafına böyük təsir göstərib.

O, musiqini, ədəbiyyatı, tarixi çox sevib. Artıq 10 yaşında olarkən tarda gözəl ifa edib, konsertlər verib. Xalq mahnılarına məhəbbət onun şəxsiyyət və dahi bəstəkar kimi yetişməsinə böyük təsir göstərib.

Fikrət Əmirov ilk musiqi təhsilini Kirovabad (Gəncə) musiqi məktəbində alıb. Musiqi məktəbini bitirdikdən sonra, o, Bakıya köçüb, orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfində təhsilini davam etdirib. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına, professor B.İ.Zeydmanın bəstəkarlıq sinfinə daxil olub.

Konservatoriyadakı təhsil illərində professor B.İ.Zeydmanın rəhbərliyi ilə musiqinin incəliklərinə yiyələnib. Eyni zamanda, dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı ilə dərindən tanış olub. Özünün yazdığı kimi, onun yaradıcılığına həm də məşhur bəstəkar Çaykovskinin böyük təsiri olub.

Fikrət Əmirov Dövlət Konservatoriyasında təhsil aldığı illərdə artıq yaxşı bəstəkar kimi tanınmışdı; “Ürək çalanlar” (M.S.Ordubadi), və “Gözün aydın” (M.Əlizadə) operettalarına musiqi bəstələmiş, fortepiano əsərləri, variasiyalar yazmışdı.

Böyük Vətən müharibəsi Fikrət Əmirovun təhsilini yarımçıq qoyur. Bir çox incəsənət xadimləri kimi o da döyüşən orduya gedir. O, Varonej cəbhəsində vuruşur.

1943-cü ildə müharibədə kontuziya aldığı üçün ordudan tərxis olunub Bakıya qayıdır. 1944-cü ildə konservatoriyada təhsilini davam etdirir və 1948-ci ildə oranı bitirir. Fikrət Əmirovun bundan sonrakı həyatı, yaradıcılığının böyük bir hissəsi musiqi mədəniyyətimizin inkişafına, onun daha da şöhrətlənməsinə həsr olunur.

Fikrət Əmirov uzun illər respublikanın teatrları ilə daim əlaqə saxlayıb.

C.Cabbarlının, M.Hüseynin, S.Vurğunun, İ.Qasımovun və başqa dramaturqların pyeslərinə musiqi yazıb.

Yaşadığı illərdə Fikrət Əmirov SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, SSR EA müxbir üzvü kimi bir çox mükafatlara və fəxri adlara layiq görülüb.

O, SSRİ və Azərbaycan SSR Bəstəkarlar İttifaqı İdarə Heyətlərinin katibi, SSRİ Ali Sovetinin deputatı olub. F.Əmirov bir neçə il Azərbaycan opera və Balet teatrına rəhbərlik edib. Milli musiqi sənəti qarşısındakı böyük xidmətlərə görə ona Lenin ordeni kimi yüksək mükafat verilib.

Fikrət Əmirov 1947-ci ildə “Nizami” simfoniyasını, 1948-ci ildə “Şur” və “Kürd-ovşarı” simfonik muğamlarını yazır. Bu simfonik muğamlara görə o, SSRİ Dövlət mükafatına layiq görülür.

Fikrət Əmirov 1984-cü il fevral ayının 20-də Bakıda vəfat edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM