Azercell-in ev sahibliyi etdiyi "M360 Eurasia 2024” konfransına qeydiyyat davam edir
"GSMA M360 Eurasia 2024” konfransı bu il Bakıda çoxsaylı beynəlxalq və regional məruzəçilərin iştirakı ilə baş tutacaq. Tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində keçiriləcək.
Ötən tədbirin olduqca səmərəli keçməsi sayəsində bu il konfransa Microsoft, Google, Amazon Web Services, Word Bank, e& International, Beeline, Vodafone Group, Turkcell, East Telecom və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər qatılacaq. Konfransda həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti bir daha vurğulanacaq.
Qeyd etmək lazımdır ki, COP29 ərəfəsinə təsadüf edən bu konfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə həsr olunmuş sessiya ilə başlayacaq. Bu sessiyada rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf və sıfır karbon emissiya məqsədlərinə nail olmaq üçün bütün sektorlar arasında qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanacaq. Qlobal telekommunikasiya liderlərinin bu hədəfə çatmaq üçün gördüyü işlər, rəqəmsal innovasiyaların ətraf mühitin dayanıqlığına verdiyi töhfə barədə danışılacaq.
"JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq bu tədbirdə iştirak etmək üçün GSMA M360 Eurasia səhifəsində onlayn qeydiyyatdan keçmək olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !