“GSMA M360 Eurasia 2024” konfransı işini yekunlaşdırıb

18:59 | 17.05.2024
“GSMA M360 Eurasia 2024” konfransı işini yekunlaşdırıb

“GSMA M360 Eurasia 2024” konfransı işini yekunlaşdırıb


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell” in baş sponsorluğu ilə ikinci ildir ki , Bakıda keçirilən "GSMA M360 Eurasia 2024” konfransı dünən işini bitirib.

Konfrasın ikinci günündə əsas hədəf yaşıl enerjiyə keçidə yönəli müzakirələr olub.

Tədbirdə çıxış edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova deyib ki, 2050-ci ilə qədər Azərbaycan emissiyaların  həcmini 40% azaldılması ilə bağlı öhdəlik götürüb və bu istiqamətdə işlər davam edir.

"2030-cu ilə qədər emissiyalar  35% -ə kimi azalacaq. 2050-ci ilə qədər 40% azalmaya nail olacağıq. Qarabağda "0” emissiya zonası təsis etməyi planlaşdırırıq",- Rəna Hümbətova söyləyib. 

Həmçinin  2030-cu ildə bərpa olunan enerji mənbələrindən 30% enerji əldə olunması nəzərdə tutulur.

Qarabağda "Azercell"in 35 ədəd günəş enerjisi ilə çalışan baza stansiyası təqdim ediləcək, ölkə üzrə bu baza stansilayarın sayı 37-ə çatdırılacaq. Bunu Azercell-in Hüquq, Etika və Komlayens departamentinin baş direktoru Şirin Əliyeva deyib. Xatırladaq ki, hazırda şirkətin ölkə üzrə 17 yaşıl baza stansiyası var, onlardan 15-i Qarabağda fəaliyyət göstərir.

"Hədəflərimizə sadiq qalırıq. Əksər ofislərimizdə led işıqlardan istifadə edirik, həmçinin biz zərərli tullantıların həcmini 3 dəfə azaltmağa müvəffəq olmuşuq”-deyə Ş. Əliyeva əlavə edib. 

Şirin xanım Azercell-in dəstəyilə qadın və uşaq qaynar xəttlərinin fəaliyyət göstərdiyini qeyd edib. Eyni zamanda, o, şirkətin gənclərin inkişafına yönəlmiş müxtəlif layihələr də həyata keçirdiyini gündəmə gətirib. Şirin xanım Azercell-in Jüdo Federasiyası ilə birgə əməkdaşlıqda ərsəyə gələn "Qızlara ağ yaraşır”-  qızlar arasında idmanın təşviq edilməsi və  erkən nigahla mübarizəyə yönəlmiş layihəni, eləcə də  "Doğru yol budur” – narkomaniya ilə mübarizəyə qarşı hazırlanan  sosial kampaniyanı da vurğulayıb. 

McKinsey & Company's telecommunications practice mərkəzi Asiya təmsilçisi Alimana Zimanova yaşıl sertifikatlara tələbin 30%-dən çox olduğunu açıqlayıb. 

Femmes Digitales-in təsisçisi və baş direktoru Jana Krimpe hər il dünyada 5 milyard ağac kəsildiyini əsas gətiriərək ofislərdə gündəlik kağız sərfiyyatının azaldılmasının vacib olduğunu bildirib. 

Azərbaycanda BMT-nin Rezident Əlaqələndiricisi Vlafanka Andreyeva isə COP29-dan gözləntilərin böyük olduğunu qeyd edib. 

"COP30 Braziliyada keçiriləcək. Gələn ilin martına qədər Azərbaycanda üzərimizə götürdüyümüz öhdəlikləri icra etməliyik. Qlobal temperaturun 1.5 dərəcə aşağı düşməsinə çalışacağıq. Gözləntilərimiz çoxdur. 200-ə yaxın ölkə bu təşəbbüsə qoşulub. Yeni kollektiv maliyyə hədəfi müəyyən edilib. İlk şəffaflıq hesabatı hazırlanıb və bu ölkələrin istixana qazlarının azaldılması haqqında hesabat hazırlamaq nəzərdə tutulub. Mən BMT-i təmsil edirəm. Biz təhsil, mətbuat vətəndaş cəmiyyəti ilə birgə dayanıqlı inkişaf məqsədlərini icra edirik.  İqlim mövzusunu müzakirə etməyə imkan olacaq. Hər bir böhran bir fürsətdir",- Andreyeva GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən "COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxışı zamanı deyib.

"Azərbaycan Hava Yolları” QSC-nin Sağlamlıq, Təhlükəsizlik, Keyfiyyət və Ətraf Mühit direktoru Rəşad Haqverdiyev deyib ki, AZAL ətraf mühitə tullantıların həcmini azaltmaq üçün təyyarə parkını yeniləməyi düşünür.

"Təyyarə parkımızı yeniləyirik. Daha səmərəli təyyarələrdən istifadə edirik. AZAL-da 18 baqaj toplama nöqtəsi açılacaq və bir il ərzində 10 ton kağıza qənaət ediləcək. Bu da ildə 350 ağacın qorunması deməkdir. AZAL  15 ton kağız tullantısı emal edəcək”, - o bildirib. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom” MMC-nin baş direktoru Tural Pirverdiyev hazırda  Azərbaycanda mövcud ev təsərrüfatları və biznes subyektlərinin 78%-nin genişzolaqlı internetə çıxışı olduğunu söyləyib.
 
""Onlayn Azərbaycan” layihəsinin əsas misiyası rəqəmsal uçurumu azaltmaq və böyük şəhərlərdən ölkənin ən ucqar bölgələrinə yüksəksürətli internetə çıxışı təmin etməklə əhalinin rifahını yaxşılaşdırmaqdır. Genişzolaqlı internetə çıxışı təmin etməklə təkcə iqtisadi artımı dəstəkləmirik həm də bütün vətəndaşlar üçün sosial inteqrasiya və təhsil imkanlarını asanlaşdırırıq.

Hazırda mövcud ev təsərrüfatları və biznes subyektlərinin 78%-nin genişzolaqlı internetə çıxışı var. GPON texnologiyasının tətbiqi ölkədə genişzolaqlı internetin illik orta sürətinə də müsbət təsir edir. Son 2 ildə bütün ölkədə internetin sürəti ortalama 94% artıb",-deyə Pirverdiyev qeyd edib.

Microsoft, Google, Amazon Web Services, World Bank, e& International, Beeline, Vodafone Group, Turkcell, East Telecom və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilərİn qatıldığı "GSMA M360 Eurasia 2024” konfransı bu pozitiv notlarda  öz işini yekunlaşdırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM