"GSMA M360 Eurasia 2024” konfransının ilk günün ən yadda qalan məqamları

22:00 | 15.05.2024

"GSMA M360 Eurasia 2024” konfransının ilk günün ən yadda qalan məqamları


Internet Yer kürəsində yaşayan bütün insanlar üçün əlçatan  olmalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda təşkil olunan "GSMA M360 Eurasia 2024” konfransının birinci günündə  çıxış edən beynəlxalq nümayəndələr, texnoloji həllər sahəsində çalışan mütəxəsisslər və eləcə də müxtəlif ölkələrdən olan mobil operator rəhbərləri bu barədə danışıblar.
 
Konfrans Beynəlxalq GSM Assosiyasiyası tərəfindən Bakıda ikinci dəfə təşkil edilib. Ötən il olduğu kimi, bu il də tədbir telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan  aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini öz ətrafında toplayıb.  Tədbir çərçivəsində sənayenin rəqəmsallaşma prosesinə birbaşa təsiri, onun innovasiya və tərəqqi üçün yaratdığı yeni perspektivlər haqqında danışılıb. Tədbir çərçivəsində süni intellekt, kibertəhlükəsizlik, sənayenin rəqəmsallaşdırılması,  yeni nəsil şəbəkələr, yaşıl texnologiyar və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.
 
GSMA-nın Baş Tənzimləyici direktoru və Mobil Texnologiyaların İnkişaf Fondunun prezidenti Con Custi bildirib ki, kütləvi rəqəmsallaşmaya çatmaq üçün hökumətlərlə birgə çalışmaq və ən əsası internetdən istifadə imkanlarını bütün insanlar üçün əlçatan etmək lazımdır. GSMA nümayəndəsi Azərbaycanda "Azercell” şəbəkəsi ilə əməkdaşlığı da yüksək qiymətləndirib.
 
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov 2024-cü ilin sonuna kimi ən ucqar bölgələr daxil olmaqla Azərbaycan ərazisinin genişzolaqlı internetlə təmin ediləcəyini bildirib. Onun sözlərinə görə, artıq Azərbaycanda GPON texnologiyası ilə genişzolaqlı xidmətlər əhali üçün əlçatan olub və Bakı şəhərində mövcud ev təsərrüfatı və biznes subyektlərinin 90%-nin bu xidmətlərə çıxışı təmin edilib.

Nazir müavini həmçinin dövlət qurumlarının "Hökumət buludu” layihəsinə qoşulmasını müsbət hal kimi qiymətləndirib. O bildirib ki, hazırda 100-dən çoxu dövlət qurumu olmaqla ümumilikdə 200-dən artıq qurum öz İT sistemlərini AzInTelecom-un TIER III sertifikatına malik Data mərkəzlərində yerləşdirib.

Samir Məmmədovun sözlərinə görə, son 18 ay ərzində konfransın  baş sponsoru olan "Azercell” 300-dən çox baza stansiyası qurmaqla ölkədə internetin keyfiyyətini artırıb.

"Azərbaycanda baza stansiyalarının sayı artıb və bu, şirkətin xidmət göstərdiyi 5 milyondan çox abunəçi üçün yüksək keyfiyyətli xidmət deməkdir. "Azercell” COP29 çərçivəsində GSM-in iqlim dəyişikliyi tapşırıqları qrupuna qoşulub. Bu, onlar üçün prioritetdir”, - nazir müavini əlavə edib.

"Azercell" şirkətinin prezidentinin baş müşaviri Okan Cimen  isə "Rəqəmsal DNK” sessiyasında çıxış edərək "Azercell"-in  Azərbaycanda lider operator olmaqla yanaşı, həm də aparıcı texnologiya şirkətlərindən biri olmasına diqqət çəkib. O həmçinin deyib ki, "Azercell" üçün insan faktoru çox mühümdür.

"Biz əməkdaşlarımıza 27 illik fəaliyyətimiz boyu təlimlər keçirik. Ötən il onların bilik və bacarıqlarının artırılması üçün 1,3 milyon ABŞ dolları həcmində vəsait ayrılıb”,-deyə Cimen vurğulayıb.
 
Tədbirdə həmçinin süni intelektdən istifadə edən şirkət rəhbərləri bu prosesin uğurlu olduğu ilə bağlı təcrübələrini diqqətə çatdırıb. 
 Dünya Bankının nümayəndəsi və GSMA Baş marketinq direktoru  tədbirdə gender bərabərliyini əsas gətirərək qadınlar üçün rəqəmsallığın vacibliyini söyləyib. 

Konfrans iki gün işini davam etdirib.
Tədbirin ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri, "yaşıl texnologiya”lar, yeni nəsil şəbəkələr, kibertəhlükəsizlik və digər önəmli mövzular müzakirə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM