GUAM Ukrayna ilə bağlı bəyanatla çıxış etdi

16:40 | 04.03.2014
GUAM Ukrayna ilə bağlı bəyanatla çıxış etdi

GUAM Ukrayna ilə bağlı bəyanatla çıxış etdi

“Ukrayna Ali Radasında yeni çoxluğun formalaşmasından, yeni hökumətin təsdiqlənməsindən və Ukraynanın Avropa Birliyi ilə yaxınlaşmasına əsaslanan xarici siyasət kursunun bərpasından sonra Rusiya hakimiyyəti beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Rusiyanın beynəlxalq öhdəliklərinə zidd addımlar atıb”. APA-nın xəbərinə görə, bu barədə GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin bəyanatında bildirilir.  Baş katib bəyan edib ki, GUAM məkanındakı münaqişələr təşkilata üzv ölkələrin dövlət başçılarının 2006-cı il 23 may tarixli Bəyannaməsinə uyğun həll olunmalıdır. Həmin Bəyannaməyə əsasən GUAM ölkələrində münaqişələrin həlli bu dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı əsasında həyata keçirilməlidir: “Dövlətlərin əraziləri beynəlxalq hüquqa zidd olaraq güc tətbiq etmək və ya güc tətbiqi ilə hədələmək yolu ilə hərbi işğal obyekti ola, yaxud başqaları tərəfindən ələ keçirilə bilməz. Heç bir qanunsuz ilhaq və bunun nəticəsində əmələ gələn qondarma qurumlar heç bir vəchlə qanuni qəbul edilə bilməz”.    V. Çeçelaşvilinin bəyanatında dövlətlərin daxili işlərinə qarışmağın, ona hərbi, siyasi, iqtisadi və ya başqa xarakterli təzyiq göstərməyin yolverilməzliyi vurğulanır: “Əminəm ki, GUAM-a üzv ölkələr bundan sonra da ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə beynəlxalq təhlükəsizliyin qorunması baxımından əsas kimi əməl olunmasında israr edəcəklər”. Xatırladaq ki, Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat – GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatdır. Bu təşkilat 2006-cı il mayın 23-də Kiyevdə təsis olunub.   ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM