Ötən gecə yağan leysan xarakterli yağış Pirsaatçay çayında daşqınlara səbəb olub və çay məcrasını dəyişib.
Anews.az ARB TV-yə istinadən xəbər verir ki, nəticədə ətraf ərazilərə düşən sel bir sıra fəsadlar yaradıb.
Sel suları Şamaxı və Qobustan rayonlarında fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub.
Qobustanın Poladlı kəndində sel suları fərdi yaşayış evlərinin zirzəmilərinə dolub və 200-dən çox ev quşu tələf olub. Elektrik dirəklərinin aşması nəticəsində kəndin enerji ilə təminatı dayandırılıb.
Hazırda xətlərin bərpası işləri aparılır. Əhaliyə dəyən ziyan müəyyənləşdirilir.
Qəbələdə isə gecə saatlarında güclü leysan və dolu yağması müşahidə olunub. Bəzi ərazilərdə şəxsi təsərrüfatlara və meyvə ağaclarına, habelə avtomobillərə kiçik həcmli ziyan dəyib.
Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb. Nəticədə bəzi küçə və ara yollarda suyun səviyyəsi çoxalıb. Kəndlərdə eləcə də, əkin sahələrində heç bir tələfat qeydə alınmayıb.
Şimal-qərb bölgəsində Yağıntılı hava şəraitinin sabahdan etibarən düzələcəyi gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !