"Günəşin səthində hazırda nisbi sakitlikdir və orada cəmi 4 günəş ləkəsi müşahidə olunur. Onlar heç də güclü günəş alışması sayılmır, yəni generasiya etməyə qadir deyillər".
Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
Onun sözlərinə görə, iyulun 13-də günəşdə baş verən geomaqnit qasırğasının səbəbi günəş küləyinin sürəti ilə bağlı olub. E.Babayev bildirib ki, günəş küləyinin sürətinin artması və onun bu plazma küləyinin yerin maqnit sahəsi ilə təmasda olması maksimum 5-ə bərabər olan şkala ilə götürülsə, yalnız J-1 sinfinə mənsub geomaqnit qasırğası yaradıb: "Əslində J-1 sinfinə mənsub geomaqnit qasırğasına orta səviyyəli kimi baxmaq olar. Amma bu dəfə fiziki şərait elə olub ki, həddindən artıq qütb parıltıları baş verib. Bu da o qədər güclü olub ki, hətta orta N dairələrində müşahidə edilib. Məsələn, Amerikanın Nebraska ştatından da xəbər gəlib ki, N dairələrində qütb parıltısı müşahidə olunub. Adətən, qütb parıltıları şimal N dairələrində müşahidə edilir".
Hazırda günəşin səthində tac dəliklərinin olmadığını deyən direktor müavini əlavə edib ki, adətən, yüksək sürətli günəş küləyi öz başlanğıcını tac dəliklərindən götürür: "Yəni günəşdən "əsən" küləyin yüksək sürətə malik olması geomaqnit qasırğasının baş verməsinə səbəb olub. İyulun 13-də 9 ballıq şkala üzrə əsas geomaqnit indeksi olan K-p indeksi 5-ə çatıb. Hazırda bu indeks sakitləşib. İyulun 14-ü və 15-i müəyyən alışmalar olub".
E.Babayev qeyd edib ki, adətən, geomaqnit qasırğaları texnoloji və bioloji sistemlərə təsir edir: "Bioloji sistemlər sırasında risk qrupuna daxil olan insanları misal çəkmək olar. Risk qrupuna daxil olanlara ürək-qan damar sistemindən əziyyət çəkən xəstələr, ahıllar və uşaqlar daxildir. Bu zaman əsəb gərginliyi artır, halsızlıq, kəskin baş ağrıları müşahidə olunur. Nəzərə alsaq ki, son günlər metereoloji şəraitdə də külək və atmosfer tezliyində müəyyən qədər dəyişmələr olub, o zaman vəziyyət elə də ürəkaçan olmur. Ümumilikdə götürdükdə isə heç bir narahatçılığa əsas yoxdur. Çünki geomaqnit qasırğaları hər zaman baş verən təbiət hadisələrindən biridir".
Onun sözlərinə görə, son illərin araşdırmaları göstərir ki, günəşdə baş verən qasırğalar heç də oradakı alışmalarla əlaqəli olmur: "Son 6 ayda 2 dəfə çox güclü geomaqnit qasırğası olub ki, onlardan biri apreldə, digəri isə iyunda baş verib".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !