Gürcülər bayrağımızı niyə təhqir etdi?

16:29 | 07.07.2015
Gürcülər bayrağımızı niyə təhqir etdi?

Gürcülər bayrağımızı niyə təhqir etdi?

Aliyə İsmayılzadə 

Tbilisidə "Dinamo” – "Qəbələ” matçından sonra gürcü azarkeşlər Azərbaycan komandasının azarkeşlərinə hücum ediblər. 

Qruplar arasında qarşıdurmanın baş verməsinə səbəb gürcü azarkeşlərin stadionun tribunalarında "Biz unutmayacağıq. Zaqatala, Qax. 1921” şüarı yazılmış pankart qaldırmağı, Azərbaycan və "Qəbələ” klublarının bayrağını təhqir etməsi olub, gürcü azarkeşlər bununla ölkələrarası konflikt yaratmaq, bizim soydaşlarımızı onlara əks cavab verməyə təhrik etmək istəyiblər. 

"Bəzi azarkeşlər Zaqatala və Qaxla bağlı plakat qaldırıblar, bizim müdaxiləmizdən sonra şüarlar yığışdırılıb. Fanatlar həmçinin Azərbaycan və "Qəbələ FK”nın barağını təhqir ediblər. Biz Gürcüstan futbol federasiyasına məsələylə bağlı müraciət etmişik, məsələ artıq həll olunub. Bu məsələylə əlaqədar klubumuz UEFA-ya müraciət edə bilər. Bu anları çoxları, həmçinin azərbaycanlı azarkeşlər də gördülər. İndi eyni hərəkətləri bizim azarkeşlərimizin 9 iyunda, təkrar matçda etməməsi üçün "Qəbələ” əlindən gələni etməlidir”, - bu sözləri azerisport.com-a AFFA-nın mətbuat xitmətinin rəhbəri Mikayıl Nərimanoğlu deyib. 

Nəticədə isə döyülən bizim azarkeşlər, təhqir olunan isə Azərbaycanın dövlət bayrağı olub. 

Qeyd etmək yerinə düşər ki, baş verənlərin hamısı hadisələrə müdaxilə etmək əvəzinə, tükünü belə tərpətməyən gürcü polisinin gözləri qarşısında baş verib. 

Heç deməyə də ehtiyac yoxdur ki, eyni hadisə bizim ölkəmizdə baş versəydi, hansı həngamə baş verərdi – cənnət sakinlərinin əhvalı pozulardı, ölkəmizi ittiham etmək üçün isə Parisin hansısa küçəsində yatmış bomjdan tutmuş, Avropa ölkələrinin rəhbərlərinə qədər sıraya düzlənmişdilər. 

Bir çox xeyrixahlıqlar etdiyimiz və hələ də etməkdə davam etdiyimiz qonşularımıza xatırlatmaq olardı ki, mədəni ölkələrdə dövlət bayrağının təhqir olunması cinayət hesab olunur, ya pulla cərimə təyin edilir, ya da həbs olunursan. 

Deyə bilərsiniz ki, hadisəni gürcülər yox, iki ölkənin arasını vurmaq istəyən ermənilər törədib. Tutalım ki, onlar həqiqətən ara vurmaq istəyən ermənilər olub, bəs stadionda oturanların hamısımı erməniydimi, polislərin də hamısı ermənidiymi ki, hadisəyə müdaxilə etməyi ağıllarının ucundan belə keçirmədilər. 

Mənim ağlıma o qədər də batmır ki, kimsə Bakıda Gürcüstan bayrağını təhqir etsəydi, digərləri buna müdaxilə etməzdi. 

Bir neçə gün əvvəl Bakıda Avropa oyunları başa çatdı, tarixdə ilk dəfə keçirilən idman yarışında indi bizimlə müharibə şəraitində olan ölkə –Ermənistandan gələnlər və digər ölkələrdən olan ermənilər də iştirak etdilər. Bizim azarkeşlərin Ermənistan dövlət bayrağını yandırması, ayaqlar altına atıb tapdalaması kimi hallara ümumiyyətlə rast gəlmədik. 

Hətta Ukraynanın erməni əsilli boksçusu Gevorq Manukyan mükafatlandırılarkən zal onu fitə basdı, ancaq Azərbaycan prezidenti İlham Əliyev jest edərək, azarkeşləri sakitləşməyə çağırdı, ondan sonra isə azarkeşlər Manukyanı alqışlamağa başladılar, İlham Əliyev işarə etməklə azarkeşlərə öz təşəkkürünü bildirdi, öz növbəsində isə Manukyan İlham Əliyevə "sağ olun” dedi.  

Bax bu, mədəni insanların rəftarıdır, bizim qonşularımız gürcülər bundan nümunə götürsəydilər, pis olmazdı. 

Mən tez-tez Gürcüstanda oluram və orada yaşayan erməni əhalisinin bəzi üzvlərinin iki ölkənin arasını vurmaq üçün dəridən-qabıqdan çıxdığını görürəm. Provakasiya provakasiyanın dalınca gələndə, Gürcüstan sakinləri özləri nə baş verdiyini, nəyə inanıb-nəyə inanmayacaqlarını anlamalıdırlar.  

Bizim xalqlarımız əsrlər boyu bir-biriylə dost olublar, bir-biriylə rəqabət aparmayıblar, bir-birini çapıb talamayıblar, özünə hörmət edən bu iki xalqın tarixi və mövcudluğu dövründə hər şeyi bir-biriylə paylaşıblar. 

Gürcüstan azərbaycanlı turistlərin ən sevimli məkanlarından biridir,  onlar Yeni ildə və yay tətilində tez-tez bu ölkəyə üz tuturlar. Və mən bir dəfə də bizim insanlarımızın Gürcüstana və gürcülərə güldən ağır söz dediyini eşitməmişəm. 

Mən çox istərdim ki, qonşularımız xalqlar arasında nifaq salmaq istəyən pisniyyət insanların fikirlərinə uymasınlar. 

Və əlbəttə ki, Gürcüstan dövləti baş vermiş insidenti dərindən araşdırmalı və günahkarları cəzalandırmalıdır. Çünki sivil insanlar məhz belə hərəkət etməlidirlər. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM