Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirliyin əməkdaşları Borjomi-Xaraqauli qoruğunda yanğın baş verən ərazilərdə olublar.
anews.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir burada Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili və digər hökumət üzvləri ilə görüşüb. Baş nazir və Gürcüstanın digər rəsmi şəxsləri yanğının söndürülməsinə göstərilən dəstəyə və ilk yardıma görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.
Bildirilib ki, Azərbaycandan gəlmiş yanğınsöndürənlər və xilasedicilər yanğının söndürülməsində xüsusi fəallıq göstərirlər, onlar cavabdeh olduqları bölgədə alovun başqa ərazilərə keçməsinin qarşısını alıblar.
Səfir Azərbaycandan gəlmiş xilasedicilər və yanğınsöndürənlər üçün yaradılmış düşərgədə də olub, şəxsi heyətlə görüşüb.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş xüsusi xilasetmə dəstəsi Gürcüstandadır və bölgədə yanğının söndürülməsində fəal iştirak edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !