Gürcüstanda rayon məhkəməsi səsvermə gizliliyinin pozulması səbəbindən 30 məntəqədə parlament seçkilərinin nəticələrini ləğv edib. Bu barədə "Azadlıq Radiosu”nun Gürcüstan xidməti məlumat verib.
Məhkəmə, Gürcüstanın cənubunda yerləşən Tetritskaro və Tsalk rayonlarında üç təsadüfi məntəqədə səsvermə vəziyyətini bərpa edib. Eksperiment nəticəsində müəyyən edilib ki, bülletenin arxa tərəfində partiya üçün markerlə edilən qeyd görünür.
Bu o deməkdir ki, bülletenin səsvermə aparatına (səs sayma cihazı) daxil edilməsi zamanı yaxınlıqda olan insanlar seçicinin kimə səs verdiyini başa düşə bilirdilər.
Gürcüstanın Mərkəzi Seçki Komissiyası rayon məhkəməsinin qərarından apellyasiya şikayəti vermək hüququna malikdir, lakin ekspertlər deyirlər ki, artıq presedent yaradılıb.
Parlament seçkilərində hakim "Gürcü Arzusu” partiyası 53,9 faiz səs toplayaraq qalib gəlib. Beş faiz həddini keçən daha dörd müxalifət partiyası olub. Onların hamısı seçki nəticələrini tanımaqdan və parlamentə daxil olmaqdan imtina ediblər.
Müxalifət kütləvi etiraz aksiyaları keçirir.
N.Təbrizli
www.anews.az