Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracala kəndində üç ev yanıb.
APA-nın yerli bürosunun məlumatına əsasən, yanğın evlərin birində elektrik xətlərdə qısa qapanma səbəbindən baş verib və qısa müddət ərzində qonşuluqda olan digər iki evə yayılıb.
Xəsarət alan olmasa da, yanğın nəticəsində üç ev yararsız hala düşüb. Üç çoxuşaqlı ailə evsiz qalıb. 19 nəfər hazırda qohumlarının evində məskunlaşıb.
Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev APA-ya bildirib ki, o, hadisə ilə bağlı Telavi rayon rəhbərliyi ilə əlaqə saxlayıb. "Rayon rəhbərliyindən bildirilib ki, evlər bərpa olunanadək zərərçəkən şəxslərə kirayə ev tutmaları üçün köməklik göstəriləcək”, - deyə o qeyd edib.
Ə. Babayev həmin ailələrə yardım göstərilməsi üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı biznesmenlərə müraciət edildiyini bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !