Seymur Verdizadə
Ötən ay tələbə adını qazanan oğlumun universitetdə ingilis dilində təhsil alacağını eşidəndə, dost-tanışın reaksiyası belə oldu: "Əgər ingilis dilini yaxşı öyrənsə, xaricdə özünə iş tapa bilər”.
Bu söz qohumlarımın, dostlarımın, istedadına şübhə etmədiyim vicdanlı həmkarlarımın dilindən dəfələrlə səsləndiyi üçün axırda səbr kasam daşdı: "Mən ona görə oğul böyütməmişəm ki, gedib xarici ölkələrdə işləsin. Mənim övladım öz xalqına xidmət edəcək”.
Dostlarımdan birinin reaksiyası belə oldu: "Mənim qızım iki universitet qurtarıb. Amma üç ildi işsizdir”.
Haqlı iraddır. Bu ölkədə minlərlə gənc işsizlik problemindən əziyyət çəkir. On minlərlə gəncin diplomu sandıqlarda çürüyur. Vəzifədə işləyən atası, güclü arxası olmayan adamın iş tapması müşkülə çevrilib. Hətta restoranda xadimə işləmək üçün də tanış lazımdır.
Arif Rəhimzadə 27 ildi deputat mandatı daşıyır. Bu azmış kimi Milli Məclisdə aparıcı komitələrdən birinə rəhbərlik etmək də ona həvalə olunub. Hansı ki, Arif müəllimi pensiya yaşı çatanda istirahətə yola salsaydılar, müxtəlif peşə sahibi olan 3 gəncin hər biri ən azı 5 il deputat olmaq şansı qazanardı.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin yaşı 100-ə yaxınlaşır. Xəzər dənizində Xoşbəxt müəllimlə həmyaşıd olan cəmi beş-altı buruq var. Neft mütəxəssisləri Xoşbəxt müəllimin hələ də vəzifədə qalmasını onun zəngin təcrübəyə, ensklopedik biliyə malik olması ilə əlaqələndirirlər. Əgər Allah-Təala Xoşbəxt Yusifzadəyə qarşı belə səxavətli davranmasaydı, bu gün Xəzər dənizindən neft çıxmayacaqdı? Bu cür ensklopedik biliyə, zəngin təcrübəyə malik olan mütəxəssis niyə indiyə kimi öz layiqli davamçılarını yetişdirməyib? Bilirsiniz, Xoşbəxt müəllim hardan yadıma düşdü? Neft sənayesi üzrə mütəxəssis olan bir qohumum iş tapa bilmədiyi üçün 8-ci kilometr bazarında "şmotka” satır…
Ağlım kəsəndən, əlim qələm tutandan Abid Şərifov Baş nazirin müavini işləyir. Səhhətində problem yarandığı üçün Abid müəllimi bi yaxınlarda üç-dörd günlüyə İsrailə aparmışdılar. Bakıya qayıdandan sonra bu barədə xəbər yazan jurnalistləri az qaldı ki, dar ağacından assın. Sel-daşqın dərdi çəkməsələr də, 40 dərəcə istidə sürüşmə zonasına getməsələr də, babalarımın heç birinə Abid Şərifov qədər yaşamaq nəsib olmadı. Mən Abid müəllimə bundan sonra ən azı 70 il ömür arzulayıram. Bir şərtlə ki, postunu gənc kadrlardan birinə təhvil verib, nəvə-nəticələri ilə oynamağa getsin.
Hacıbala Abutalıbov ilk dəfə vəzifəyə təyinat alanda "qorşok”da oturan uşaqlar indi oğul-qız sahibidirlər. Yaradan öz səxavətini əsirgəməsə, bu adamlar saç-saqqalı ağardıb nəvə-nəticə sahibi olanda, Hacıbala müəllim yenə hansısa fəvvarənin açılışına tələsəcək…
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !