"Hadrutda təhlükəsiz və yaxşı yaşamaq üçün hələlik şərait yoxdur" - FOTOLAR

18:07 | 09.10.2021

"Hadrutda təhlükəsiz və yaxşı yaşamaq üçün hələlik şərait yoxdur" - FOTOLAR

Düz bir il bundan qabaq yenidən Azərbaycan Silahlı Qüvvələrinin  nəzarəti altına keçən Hadrut qəsəbəsində hazırda bərpa işləri aparılır, evlər tikilir, yollar təmir olunur, mağazalar işləyir. Bu barədə Anews.az-ın Hadrut qəsəbəsinə ezam olunmuş müxbiri xəbər verir. 

Hadrut qəsəbəsi SSRİ zamanında Dağlıq Qarabağ Muxtar vilayətinə daxil idi. SSRİ dağılandan sonra 7  Azərbaycan rayonu ilə bərabər Dağlıq Qarabağ Muxtar Vilayəti də erməni işğalı altına keçdi. Hazırda bu vilayətin ərazisinin çox hissəsi hələ də erməni separatçılarının nəzarəti altında qalsa da Azərbaycan ordusu Hadrut qəsəbəsini və onun ətrafında olan kəndləri öz nəzarəti altına qaytara bildi. 


 
Hazırda Hadrutda çalışan 40 yaşlı İslam Mehdiyevin sözlərinə görə, Hadrut sözü "iki çayın arası" mənasını verir.  
 
"Hadrut Qozluçayın dərəsində, Ərgünəş dağının yaxınlığında yerləşir. Fars dilindən tərcümədə Ha "ara", dü - "iki" və rud - "çay" deməkdir. Yəni "iki çayın arası" mənasındadır. Hadrutun adının "İki çayın arası" mənasını verməsi təsadüfi deyil. Quzeyçay və Güneyçay Hadrutun ərazisində birləşib Qozluçaya tökülür", - deyə həmsöhbətimiz bildirdi. 




Hadrutda xidmət edən polis əməkdaşlarından birinin sözlərinə görə, qəsəbədə yerli əhalinin məskunlaşması üçün müəyyən vaxt lazımdır.  


"Hazırda bərpa işləri aparılır. Amma təhlükəsiz və yaxşı yaşamaq üçün hələlik şərait yoxdur. İctimai iaşə müəssisələri açılmalı, evlərin tikintisi, yolların təmiri başa çatdırılmalıdır",-  deyə polis bildirdi. 



Zirehli texnikanın dağıtdığı yollarda hərəkət etmək asan deyil, yağan yağış isə bunu bir az da çətinləşdirir. Şəhərdə aparılan quruculuq işləri yaxın zamanlarda vəziyyətin düzələcəyinə ümid yaradır. Qəsəbənin mərkəzinə doğru gəldikcə tikinti işlərinə cəlb olunan maşınlar gözə dəyir. 

Belə maşınlardan birinin sürücüsünün dediyinə görə, o, 4 aydır ki burada çalışır. 

"Mənə şirkətdən "Hadruta gedə bilərsənmi?"  təklifi  gələndə gözlərim yaşardı. Dedim "əlbəttə". Bura gələndə havasının necə təmiz olduğunu gördüm. Amma qorxuram ki, burada yaşayış təmin olunduqdan sonra bu gözəl hava korlanar. Təxminən 4 aydır gəlmişəm", - deyə sürücü öz təəssüratları ilə bölüşdü.




Hazırda Hadrutda Füzuli poçt filialının müştəri xidmətləri şöbəsinin agentliyi fəaliyyət göstərir. 

"1 fevral 2021-ci ildən Hadrutda Füzuli poçt filialının müştəri xidmətləri şöbəsinin agentliyi fəaliyyətə başlayıb. Hələlik tək çalışıram. Hərbi hissələrə ünvanlanan poçt göndərişlərinin təyinat üzrə çatdırılması təmin edilir. Həmçinin, əsgərlərə və burada iş üçün yaşayan şəxslərə gələn bağlama, sənədlər olur ki, onların təhvil-təslim işlərini görürəm", - deyə poçt əməkdaşı bildirdi. 




Hadrut qəsəbəsində yaşayanlar əsasən bərpa layihələrində çalışan insanlardır. Onlardan təxminən 10 nəfəri ilə söhbət etdik və hər biri burada olduğu üçün qürur hissi keçirdiyini dilə gətirdi. Çalışanlar arasında qadınların olmaması da diqqət çəkən məqamlardandır. 

44 günlük müharibədən sonra Hadrut qəsəbəsinin və ətraf yaşayış məntəqələrini içməli su ilə təchiz etmək üçün  "Azərsu” ASC-nin mütəxəssisləri bölgəyə ezam edilib. Qəsəbə 2 mənbə - bulaqlar və subartezian quyuları hesabına içməli su ilə təmin olunub. Hadrut qəsəbəsinin su şəbəkəsində 30-dan çox qəza aradan qaldırılıb. 2000-dən çox mənzilə gedən  su xətləri yoxlanılıb, qışda donvurmaların qarşısını almaq üçün tədbirlər görülüb. Hazırda qəsəbədə hərbi və mülkü binalar fasiləsiz içməli su ilə təmin olunur və şəbəkəyə saatda 55-60 kubmetr su ötürülür.

Hadrutda "Bolmart"ın supermarketlər şəbəkəsinə məxsus mağaza da fəaliyyət göstərir. Burada çalışan satıcı ağazaya az sayda insan gəldiyi üçün, artıq sakinlərin hamısını tanıdığını  deyir. 





 
 
"4-5 aydır ki, bura gəlmişəm. Gəldiyim gündən  özümü hadrutlu kimi hiss edirəm. Qəsəbə balacadır, hələ ki əhali yaşamır. Mağazaya ancaq burada işləyənlər və ordumuzun hərbçiləri gəlib-gedir. Ona görə də gündəlik satış çox olmur. Buna baxmayaraq, mağazada məhsulların çeşid bolluğuna, son istifadə tarixlərinə tez-tez fikir verir, insanların razı qalması üçün  çalışırıq”, - deyə satıcı bildirdi.

Hadrut qəsəbəsi 2020-ci il oktyabrın 9-da işğaldan azad edilib. Erməni mənbələri qəsəbəni yenidən işğal etmək üçün bir neçə dəfə əkc hücuma keçsələr də buna nail olmayıblar. Bu barədə məlumat verən Azərbaycan Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrin nümayəndəsi  bildirdi ki, Hadrut istiqamətində çox qızğın döyüşlər aparılıb. 

"Hadrut çox yüksəklikdə yerləşdiyindən dağlarda döyüşmək  çətinlik yaradırdı. Buna baxmayaraq qoşunlarımız daim irəliləyirdi. Ali Baş Komandanın bizə olan inamı, xalqımızın etimadı hər birimizə güc verirdi. Hər döyüşdən qalib ayrıldıqca sevinirdik ki, ərazi bütövlüyümüz uğrunda döyüşmək və xalqımıza qürur yaşatmaq bizə qismət oldu. Bizə olan etimadı doğrultduq və torpaqlarımızı işğaldan azad etdik. Biz həm də şəhidlərimizin də qisasını aldıq”, - deyə o, əlavə etdi. 

Vətən müharibəsi qazisi, gizir Qorxmaz Teymurlu bu gün Hadruta ayaq basarkən qürurlandığını dedi. Onun sözlərinə görə, şəhid olan və yaralanan döyüş yoldaşlarını, onların qəhrəmanlığını heç vaxt unutmayacaq.

"Öz qrupumuzla birlikdə düşməni pusquya salaraq çoxsaylı texnikasını şəxsi heyəti ilə birlikdə partladaraq məhv etdik, onların 022 xüsusi təyinatlı qüvvələrinin dörd şəxsi heyətini zərərsziləşdirdik. Üç KamAZ-a doluşmuş erməni əsgərləri Hadrut yolu ilə qaçırdı, onları da vurduq. Mən xüsusi təyinatlı bölükdə döyüşmüşəm. Burada döyüş yoldaşlarımızla birlikdə çətin günlər yaşamışıq.Hadrutda gedən döyüşlər indiki kimi yadımdadır”, - deyə o, bildirdi. 


 
 
Polkovnik-leytenant Firuz Bədəlovun sözlərinə görə, onlar  Hadrut düşməndən təmizləndikdən sonra qəsəbədə mövqe tutublar və ətrafdakı hakim yüksəkliklərin müdafiə və mühafizəsini təşkil ediblər.
 
"Ermənilər Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyərək Hadrut-Tuğ yolu vasitəsilə pərakəndə şəkildə öz texnikalarını, silah-sursatlarını qoyub qaçıb", - deyə Bədəlov vurğuladı. 

Hərbçilərlə söhbətimiz zamanı onlar Ermənistan sabiq müdafiə naziri Ohanyanın qurduğu  "Ohanyan səddi”nin qısa zamanda dağıtdıqlarını xüsusi vurğuladı. 

Hərbi ekspert Ruslan İmamquliyev bildirir ki, Hadrutun yerləşdiyi ərazinin relyefi dağlıq olduğundan burada döyüş əməliyyatları da çətin keçib. Çünki yüksək strateji nöqtələrdə mövqe tutan düşmən özünü çox rahatlıqla müdafiə edə bilirdi. Belə bir dağlıq yerdə əks-hücum əməliyyatları aparmaq çox çətin prosesdir. 

Hərbi ekspert, ehtiyatda olan zabit Azər Bayramovun sözlərinə görə, Hadrutun azad edilməsi Vətən müharibəsində dönüş nöqtəsi oldu:

Hadrut çox strateji əhəmiyyətə malik, həm də Ordumuzun növbəti əməliyyatları yerinə yetirməsi üçün əsas açar yerlərdən biri idi. Azərbaycan Ordusu hərb tarixinin ən çətin əməliyyatlarından birini - sızma və dərinlikdə əməliyyatlarını icra edərək Hadrutu işğaldan azad etdi. Bu, Füzuli rayonunda yerləşən düşmən qüvvələrinin, onlara gələn təchizat və digər əlaqə yollarının kəsilməsində və mühüm strateji nöqtələrin ələ keçirilməsində önəmli rol oynadı. Hadrut azad ediləndən sonra demək olar ki, Ermənistan ordusunda çox sürətli şəkildə pərakəndəlik və fərarilik başladı, döyüş ruhu sındı. Separatçı rejimin başçısı Araik Harutyunyan kiçik qüvvələr yığaraq Hadrutun yenidən zəbt olunması üçün hücumlar təşkil edirdi”, - deyə ekspert əlavə etdi. 
 
26 iyun 2021-ci ildə Hadrutda İkinci Qarabağ müharibəsində həyatını itirmiş əsgər və zabitlərin xatirəsinə inşa edilmiş "Dəmir yumruq" abidə kompleksinin açılış mərasimi keçirilib. Abidə Hadruta gələn hər kəsin görmək istədiyi əsas detala çevrilib.Hadrutda hərbi hissənin həyətində qoyulan abidə təxminən 5 aya ərsəyə gəlib. "Dəmir yumruq" qayaların içərisində hazırlanıb. Abidədə Azərbaycan bayrağı, ay-ulduz, əsgərlər, dronlar əks olunub. Hazırlanmasında isə dəmir listlərdən istifadə olunub. 










Ləman Qasımova, 
Bakı-Hadrut-Bakı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM