Hamit Altıntop Türkiyə millisinin oyununu tənqid etdi

22:00 | 02.07.2021
Hamit Altıntop Türkiyə millisinin oyununu tənqid etdi

Hamit Altıntop Türkiyə millisinin oyununu tənqid etdi

Avropa çempionatının A qrupundakı hər üç oyunda məğlub olan Türkiyə millisinin baş məşqçisi Şenol Güneş yerli federasiyaya hesabat verib.

Hesabat Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemirin rəhbərliyi altında İcraiyyə Komitəsinin iclasında müzakirə olunub.

Güneş hesabatda hər görüşdə çox pis çıxış etdiklərini yazıb: "Bunu biz də gözləmirdik. Nə mən, nə də futbolçular səbəb tapmışıq. Etdiklərimiz doğru idi, amma səbəbini tapa bilmədiyimiz məqamlar üzündən uğursuzluq oldu. Türkiyə turnirin ən gənc komandası idi. Belə yarışda ilk dəfə mübarizə aparırdıq. Bunu bəhanə olaraq təqdim etmirəm. Bütün məsuliyyət mənə aiddir. Bizim iki hədəfimiz var idi. Biri AVRO-2020-yə, digəri isə dünya çempionatına getməkdir. Birinci hədəfi reallaşdırdıq".

TFF İcraiyyə Komitəsinin üzvü və Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntop isə "ay-ulduzlular"ın qorxaq oyun sərgiləyərək, çarəsiz təsiri bağışladığını bildirib. Lakin milli komandaya məsul şəxs Selim Soydan heç bir futbolçunun pis oynamaq üçün meydana çıxmadığını vurğulayıb.

TFF prezidenti Nihat Özdemir isə iki hədəfdən birini gerçəkləşdirdiklərini, digərini də həyata keçirmək üçün bütün imkanları səfərbər edəcəklərini söyləyib:
 
"Bəli. İki hədəfimiz var idi. Birincisi reallaşdı. Amma qəbul etməliyik ki, 3 oyunu pis oynadıq. Milli komandanın təsnifat mərhələsindəki uğuru hədəfləri yüksəltmişdi. Təəssüf ki, bu gözləntilərə cavab verə bilmədik. Hamımız məyus olduq. Bir ay sonra DÇ-2022-nin təsnifat oyunları var. Bu gündən komandanın mundiala vəsiqə qazanması və uğur əldə etməsi üçün bütün imkanları səfərbər edəcəyik. Bunun üçün çalışacağıq. Türkiyə xalqına haqq etdiyi uğuru milli komanda bəxş edəcək".

Qeyd edək ki, Türkiyə millisi Avropa çempionatının qrup oyunlarında İtaliyaya 0:3, Uelsə 0:2, İsveçrəyə 1:3 hesabı ilə uduzub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti