Harvard universitetinin rəhbərliyi universitet tarixində ən böyük ianə aldıqlarını deyir.
Amerikanın Səsi-nin məlumatına görə, Universitetə 400 milyon dollar məbləğində ianə Uol Strit-də investisiya fondunun sahibi milyarder Con Polson (John Paulson) tərəfindən verilib.
Harvard rəhbərliyi deyir ki, vəsaitdən «Layihələşdirmə və Tətbiqi Elmlər» fakültəsinin maliyyəşdirilməsində istifadə ediləcək. Fakültəyə 1980-ci ildə Harvard universitetini bitirmiş 59 yaşlı milyarderin adı veriləcək.
Son illər fakültə sürətlə genişləndirilir. Onun elmi laboratoriyalarında müstəqil idarə olan robotlar və xərçəng xəstəliyinə qarşı implant edilə bilən vaksinlərin yaradılması istiqamətində mühüm inkişaf əldə edilib.
JOHN PAULSON KİMDİR?
Con Polsonun varidatının 11 milyard dollardan artıq olduğu bildirilir.
O, Amerika investorları arasında ehtiyatlı və düşünülmüş addımlar atan bir investor kimi tanınır. Onun 2007-ci ildə ABŞ-da əmlak bazarında tənəzzül baş verən zaman substandard ipoteka istiqrazlarına investisiya qoyuluşları etmədiyi deyilir. İpoteka kreditləri bazarında tənəzzül ABŞ-da 1930-cu illərdən sonra ən böyük iqtisadi böhrana gətirib çıxarmışdı.
Harvard universitetinə hədiyyə etdiyini elan edən Con Polson deyib: «Bəşəriyyəti yaxşılaşdırmaq üçün təhsildən mühüm heç bir şey yoxdur»
Harvard universitetinin ianə fondları təxminən 36,4 milyard dollar təşkil edərək, onu dünyanın ən zəngin universitetlərindən biri edir. /azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !