Barələrində həbs qətimkan tədbiri seçilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının saxlanıldığı yer məlum olub.
"Report”un əldə etdiyi məlumata görə, həbs edilmiş 10-dək MTN-çi hazırda Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasındadır.
Onlar bu gün 1 saylı Bakı İstintaq Təcridxanasına aparılacaq.
"Report” MTN-çilər barəsində həbs qətimkan tədbirini seçən hakimin adını da öyrənib. Bu şəxs Səbail Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovdur. R.Əhmədov 2013-cü ildə Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev barəsində də həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
Xatırladaq ki, tutulan 10-dək MTN əməkdaşı barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !