Həbsdə olan müəllimənin əri Ramiz Mehdiyevin qohumu imiş... TƏFƏRRÜAT

10:00 | 05.04.2021
Külli miqdarda dələduzluqda ittiham edilən gənc müəllimənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. 5 il cəza alan qadının şikayəti təmin edilməyib.

Anews.az Musavat.com-a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Leyla Əliyeva dələduzluqda ittiham edilir. İş üzrə zərərçəkmiş şəxs Yusif İldırımzadənin qohumudur.

Məhkəmə araşdırması zamanı dindirilən zərərçəkmiş Kəmalə Əliyeva ifadəsində deyib ki, Dövlət Dillər Universitetində Leyla ilə eyni vaxtda oxuyublar və illər sonra təsadüfən qarşılaşıblar: "Leyla mənim işləmədiyimi bildi. Sonrakı danışıqlarımızda dedi ki, həyat yoldaşı Şahin Azərbaycan Diplomatiya Akademiyasında işləyir. Məni ora işə düzəldə bilər. Sənədlərimi hazırlayıb, gətirib ona verdim. 4 min manat da pul istəmişdi".

Məhkəmə araşdırması zamanı Leylanın atası zərərçəkmişin pulunun 2 min manatını qaytarıb.

Digər zərərçəkən Heyran Amanova Leylanın iş yoldaşı olduğunu deyib. O, bildirib ki, Dövlət Dillər Universitetində birlikdə işləyiblər: "Mən analıq məzuniyyətində olanda Leylanın universitetdən çıxdığını sonradan eşitdim. Danışanda mənə dedi ki, artıq ADA-da işləyir, məni də ora düzəldə bilər. Dedim, bacım işsizdir. Onu düzəltmək üçün 8 min pul istədi. Biz də verdik. Məni qohumların yanında çox pis vəziyyətdə qoydu. İnanmırdım ki, belə iş görər, müdafiə edirdim ki, yox, iş düzələcək, gözləyin. Leylanın bu hərəkətindən sonra insanlara inamım öldü”.

Bu iş üzrə ən çox zərərçəkmiş isə Gövhər və anası Sevda İldırımzadədir. Onlar L.Əliyevaya 43 min dollar pul verdiklərini iddia edirlər. Gövhər İldırımzadə Leyla ilə tələbə yoldaşı olub.

İldırımzadələr məhkəməyə gəlmirlər. Hər ikisi məhkəmə istintaqı zamanı teleqram göndərib ki, istintaqdakı ifadələrini təsdiqləyirlər.

İstintaqdakı ifadələrindən isə belə məlum olur ki, onlar bankdan kredit götürüblər. 43 min dollar da krediti bağlamaq üçün imiş. Leyla pulu onlardan alıb, krediti də, faizlərini də özü ödəyəcəyini deyib. Amma kredit ödənilməyib.

Məlumata görə, zərərçəkən İldırımzadələr Xətai rayonunu keçmiş prokuroru Yusif İldırımzadənin yaxınlarıdır. Gövhər İldırımzadə polis polkovniki Rasim İldırımzadənin qızı, Sevda İldırımzadə isə həyat yoldaşıdır. Rasim İldırımzadə də Yusif İldırımzadənin qardaşıdır.

Leyla Əliyeva adamlardan pul aldığını təsdiqləyib. O, borcu olduğuna görə bu addımı atdığını söyləyib.

İldırımzadələrdən alınan pula gəlincə, bildirib ki, o puldan 3 min dollarını banka olan kreditdən ödəyib. Onun sözlərinə görə, İldırımzadələr daha az faiz ödəmək üçün pulu ona veribmişlər.

L.Əliyevanın həyat yoldaşı Ramiz Mehdiyevin yaxın qohumudur. Bu hadisələrdən sonra o Leyla Əliyevadan boşanıb.

Leyla Əliyeva məhkəmədə ailəsinin dağıldığını, bu hadisələr baş verən ərəfədə hamilə olduğunu, lakin övladının tələf olduğunu söyləyib.

L.Əliyeva Azərbaycan Dillər Universitetində, Odlar Yurdu Universitetində ingilis dili müəlliməsi işləyib. Onun sonuncu iş yeri Odlar Yurdu Universiteti olub.

L.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Məlumata görə, o, ayrı-ayrı şəxslərdən işə düzəltmək adı ilə pul alıb. Onun həmçinin başqa şəxslərin etibarından istifadə edərək qızıllarını lombarda qoyduğu və pul götürdüyü məlum olub. Aldığı pulları qaytarmayan, verdiyi vədlərə əməl etməyən L.Əliyeva zərərçəkmişlərin şikayətləri əsasında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə aparılan məhkəmə araşdırmasının nəticəsi olaraq Leyla Əliyeva 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Leyla Əliyeva Bakı Apelyasiya Məhkəməsində müraciət edib. Lakin onun şikayəti təmin edilməyib. Bakı Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM