Anews.az xəbər verir ki, bunu Report-a Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının qəbul şöbəsinin rəhbəri, həkim-kardioloq Afiyəddin İsgəndərov deyib.
O bildirib ki, son zamanlar bəzi insanlar özləri istəyərək, qeyri-peşəkar formada uzun müddət piyada gəzirlər: "Düşünürlər ki, çox gəzmək faydalıdır, amma, bu, belə deyil. Peşəkardan yardım və məsləhət almaq lazımdır. Hər orqanizmə fərdi olaraq yanaşılmalıdır”.
A.İsgəndərov deyib ki, hərəkətsizlik bir sıra xəstəliklərin kökündə duran əsas səbəblərdən biridir. O bildirib ki, sağlam olan, dayaq-hərəkət sistemində problemi olmayan, ciddi ürək çatışmazlığı olmayan bütün şəxslərin piyada gəzməsi, gün ərzində aktiv hərəkətdə olması mütləqdir: "Piyada gəzmək həm xəstəliklərin qarşısını alır, həm də bir sıra xəstəliklərin müalicəsinə yardım edir. Ümumi tövsiyələrə gəldikdə, 15 dəqiqə gəzintidən başlayaraq piyada gəzmək lazımdır. Gün ərzində 5 dəqiqə əlavə etməklə, bu gəzintini 45 dəqiqəyədək artırmaq olar”.
Mütəxəssisin sözlərinə görə, gün ərzində qəbul edilən qidaların insanda yaratdığı enerji sərf olunmadığı surətdə onlar orqanizmdə depo şəklində, yəni karbohidrat və yağ kimi toplanır: "Bu da gələcəkdə piylənmə və şəkərli diabet xəstəliklərinin ortaya çıxmasına səbəb olur. Ona görə də qidalar vasitəsilə qəbul etdiyimiz enerjini piyada yerişlə yandırmaq lazımdır”.
Həkim yeməkdən dərhal sonra piyada gəzməyin tövsiyə edilmədiyini deyib. Çünki qəbul edilən qida həzm olunmamış vəziyyətdə olur: "Həm də qida qəbulundan sonra yürüş təngnəfəslik və diskomfort verə bilər. Yeməkdən iki saat sonra idman etmək və gəzmək olar”.
"Günün hansı vaxtlarında piyada gəzmək faydalıdır?” sualına cavab olaraq, A.İsgəndərov bildirib ki, günün hansı saatlarının yürüş üçün seçilməsi gəzəcəyin yerdən asılıdır: "Yaşıllıq, ağaclar olan yerdə gəzmək üçün səhər saatları seçilməldir, çünki ağaclarda fotosintez prosesi o saatlarda gedir və oksigen həmin vaxt daha bol olur. Dəniz qırağında gəzinti üçün isə axşam saatları seçilməlidir, çünki həmin vaxt yod ifrazı olur”.
A.İsgəndərov bildirib ki, oturaq həyat tərzi nəticəsində qan dövranı pozulur və gələcəkdə aşağı ətraflarda durğunluq olur, şişkinlik yaranır: "Ona görə də sağlam insanlara gün ərazində 15-20 dəqiqə yürüş tövsiyə olunur. Xəstəliyi olanlara fərdi qaydada təyin olunur. Birmənalı şəkildə, oturaq həyat tərzi keçirmək olmaz. Yürüşə başlamaqla xəstəliklərin qarşısının alınması və əgər varsa, yaxşılaşması ehtimalı 70 faizdən çoxdur”.
O qeyd edib ki, piyada gəzinti zamanı sürətli yürüş tövsiyə olunur: "Yəni bir saatda 5 kilometrdən çox ərazini qət edəcək sürətlə yerimək lazımdır. Yəni, piyada gəzinti dedikdə, söhbət edə-edə edilən yürüş nəzərdə tutulmur. Sürətli yürüş qaçışla gəzintinin ortasında olmalıdır”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !