Hər il çox sayda tacik qadın bakirəliyin tibbi müayinəsindən keçmək üçün xüsusi idarələrə baş çəkir.
Qadınlar həmçinin tez-tez himenoplastika – qızlıq pərdəsinin bərpası əməliyyatına müraciət edirlər. Belə əməliyyatın qiyməti 200-350 dollardır.
Bir çox qadınlar belə ağrılı əməliyyatlara bədnam olmaq qorxusundan gedirlər. Lakin əksəriyyət öz ailəsini qonşu və qohumların ittihamlarına hədəf edəcəyindən çəkinir. Ənənəvi cəmiyyətdə ictimai rəy hələ də böyük nüfuza malikdir.
Tacikistanda bakirəlyin nikaha qədər qorunub saxlanması izdivacın ən vacib şərtlərindən sayılır. Bakirəlik əlamətlərinin olmaması elə toyun səhəri günü evlənənlərin boşanmasına səbəb ola bilər. Belə hallarda qadınlar və onların ailələri üçün ciddi problemlər yaranır.
19 yaşlı Qulnoranı Respublika Tibbi-Məhkəmə Ekspertizası Mərkəzinə əri və qayınatası gətirib. Üç gün bundan əvvəl onun və 27 yaşlı ərinin toyları olub.
Təzəbəy və qohumları zifaf gecəsində bakirəlik əlamətləri aşkar edilmədiyinə görə bu idarəyə müraciət ediblər. Daha doğrusu, gənc ər, arvadının xəyanət etdiyindən şübhələnib.
"Arvadımla mən qohumuq. Onu mənə qohumlarım tapıblar. Mən heç istəməzdim ki, buna görə ailələrimiz arasındakı münasibətlər pozulsun. Qoy həkimlər baxsınlar, əgər məsumdursa, mən ailəmi saxlayacağam. Yox, əgər onun qızlığı mənə qədər pozulubsa, onu valideynlərinə qaytaracağam. Belədə daha ədalətli olar. Arvadımın qohumları da məndən inciməzlər” – ər deyir .
Gəliblər, gəlirlər və gələcəklər
Məhkəmə-tibb ekspertinin kabinetində Qulnora həkimin suallarına ərinin və kişi xeylağı olan başqa bir neçə nəfərin iştirakilə cavab verməli olur.
O çox üzgün, çaşqın və qorxmuş görünür. Dəhlizdə qapının o biri tərəfində onun taleyini həll edəcək nəticəni ərinin qohumları da gözləyirlər.
Respublika məhkəmə-tibbi ekspertiza mərkəzinin müdir müavini Furkat Qəniyev deyir ki,
toy gecəsindən sonra mərkəzə müraciət edənlərin sayı azalmır.
"Psixoloji baxımdan bu hər hansı bir qadın üçün çox xoşagəlməz prosedurdur. Mən burda çoxdan işləyirəm və belə qızları çox müayinə etmişəm və hər dəfə də özümə belə bir sual verirəm: Biz doğrudanmı 21-ci əsrdə yaşayırıq? Zifaf gecəsində nə baş verirsə, bu iki insanın arasında olan məsələdir və bura qohumları cəlb etmək düzgün deyil. Cavanlar özləri necə hərəkət etməli olduqları barədə özləri qərar qəbul etməlidirlər”- deyir mərkəzin eksperti Fazilat Saidova.
"Gəliblər, gəlirlər və gələcəklər – bunu da Respublika Məhkəmə Tibb Ekspertizası Mərkəzinin direktor müavini Furkat Qaniyev deyir, - Adətlərimiz və mentalitetimiz budur. Əvvəllər də belə olub, indi də bu adət qalır. Daha çox toydan sonra gəlirlər, qızın "təmizliyi” sual doğuranda. Amma toya qədər müraciət edənlər də var. Hər ehtimala qarşı. Adət-ənənəyə görə yalnız qız olanla evlənmək olar, hərçənd heç bir qanunda qızlığın mütləq olması şərti göstərilmir”.
Qloballaşma və yüksək informasiya texnologiyaları hətta ən qapalı ölkə və cəmiyyətlərin də qapısını açır. Amma bütün bu inkişaf qadın-kişi münasibətlərinə toxunmayıb. Ənənəvi cəmiyyətdə evlənən hər iki tərəfin rolu və yeri əvvəlcədən müəyyən edilib.
Bakirəlik kultu və seksin növləri
Tacikistanda da bir çox şərq ölkələrində olduğu kimi qadınların nikahdan əvvəl cinsi münasibətlərdə olmasını qadağan edən yerli və dini adətlər, başqa sözlə bakirəlik kultu var. Əslində belə qaydalara kişilər də əməl etməlidirlər. Lakin kişilərin bu qaydaları pozmasına o qədər də sərtliklə baxılmır.
Rəsmi rəqəmlərə görə, Tacikistan əhalisinin mütləq əksəriyyəti müsəlmanlardır.
"Mənəvi paklıq qızlar üçün son dərəcə mühümdür, lakin əgər qız bir kişini sevmiş və sadəlövhlüyündən ona aldanmışdırsa, nə etməli? Həmin kişi o qızla evlənməyəcək, ona bakirəsini tapacaqlar. Bəs qız neyləsin? Bundan əlavə, bakirəlik hələ paklıq əlaməti deyil. Gənc qadınların seksin müxtəlif formaları ilə məşğul olduqları məlumdur. Bu zaman bakirəlik də pozulmur və deməli formal olaraq mənəviyyat da yerində qalır” – deyir Düşənbə sakinlərindən Madina Kamolova.
"Qızlıq pərdəsinin olub-olmaması boşanmalara səbəb olur. Çox vaxt kişilər zifaf kecəsində qan leysanı görəcəklərini düşünürlər. Amma bir də görürsən, qan-zad çıxmır. Onlara izah etməli oluruq ki, qan çıxması heç də həmişə baş verməyə bilər. Çox şey qadının anatomik quruluşundan və fərdiyyətindən asılıdır. Əgər adam şüurludursa, başa salmaq mümkün olur. Amma elələri də var ki, dəfələrlə ekspertiza tələb edir, nəticələrə isə inanmır” – deyir mərkəzin direktor müavini Furkat Qaniyev.
Bakirəlik haqqında arayış
Psixoloji nöqteyi nəzərdən bakirəliyin yoxlanması - istənilən qadın üçün xoşagəlməz prosedurdur,
mərkəzin eksperti Fəzolət Səidova bildirir.
Son zamanlar bakirəlik testlərindən keçirilmələrini qadınların özləri tələb edirlər. Çoxları belə müayinələrdən keçirlər ki, öz məsumluqlarını ərlərinə və onların qohumlarına sübut etsinlər.
"Mən də belə yoxlamadan keçmişəm. Arayış da almışam və qonşularıma və ərimin qohumlarına da göstərmişəm. Adam özünü alçalmış hiss edir, lakin mənim üçün valideynlərimin psixoloji durumu daha mühüm idi " – deyir Maxfirat Aminova.
Ölkə qanunları qadını nikaha qədər qızlığının qorunub saxlanması üçün məsul etmir, subay cütlər arasında cinsi əlaqələr də qadağan olunmayıb. Lakin cəmiyyətdə belə davranışa pis baxılır və cavanlar öz münasibətlərini gizlətməyə üstünlük verirlər.
Bu məsələnin açıq müzakirəsi tacik cəmiyyətində məqbul sayılmır. İctimai rəy qadınları vahiməyə salır. Onlar bir qayda olaraq qohumlarından qorxur, gələcəkdə uşaqlarının ona görə gözümçıxdıya salına biləcəyindən narahat olurlar.
İnsan haqları fəallarının sözlərinə görə çox hallarda qadın təqsirkar sayılır. Onu ürəyində dəstəkləyənlər də səslərini çıxarmırlar.
"Qızlar ərə getməkdən qorxurlar və yoxlanmaq üçün bura gəlirlər. Məsələn, bir də görürsən hansısa qıza nənəsi uşaq vaxtı deyib ki, bəzən arxın üstündən tullananda da bakirəlik pərdəsi pozula bilər. Ya da pambıq yığan vaxt. Ona görə də gəlib yoxlamadan keçmək istəyirlər ki, hər şeyin qaydasında olduğuna əmin olsunlar” – deyir məhkəmə-tibb eksperti Fazilat Saidova.
Kişiyə olar, qadına yox
Tacikistanda kişi və qadınların bərabərliyinə dövlət təminatı verilməsi haqqında qanun 2005-ci ildə qəbul edilib. Di gəl ki, praktikada bu qanun heç də həmişə işləmir.
"Problem burasındadır ki, bir çox kişilər qadını əşya hesab edirlər. Əgər əşya xarab çıxıbsa, məsələn məsumluğu pozulubsa, onu qaytarmaq, təhvil vermək, lap atmaq da olar. Qızlığın yoxlanması, xüsusən də bu prosedurda bütün ailə iştirak edəndə, çox alçaldıcı praktikadır. Qadının məsumluğunu yoxlayırlarsa, kişinin məsumluğunu niyə yoxlamırlar?” – deyə sual edir Gender Bərabərsizliyi və Qadınalara Qarşı Zorakılığın Profilaktikası Assosiasiyasının ictimaı direktoru Alla Kuvatova.
Tacikistanda vətəndaş müharibəsindən sonra və kütləvi əmək miqrasiyası ilə bağlı əhalidəki cins nisbəti pozulub. Bir kişiyə 3-4 qadın düşür. Üstəlik də kişilər pul qazanmaq üçün Rusiya və ya Qazaxıstana gedib oralarda evlənirlər.
Son illər əməkçi miqrantlar tərəfindən atılmış qadınların sayı xeyli artıb.
Bütün bu faktorlar tacik qadınlarının cəmiyyətdəki vəziyyətini daha da ağırlaşdırır, onları kişilərdən tam asılı vəziyyətə salır.
"Kişi qüruru deyilən bir şey var. Kişilərə belə gəlir ki, onun nişanlısı və ya arvadı ona qədər heç bir seksual münasibətdə olmamış olmalıdır. Bununla yanaşı, kişilərin daxili mənəviyyat məcəlləsi, onların özlərinin nikahdankənar cinsi münasibətlərində heç bir qəbahət görmür. Evlilikdən əvvəl və sonra. Mən kişilərə demək istəyirəm ki, əgər siz nikahdankənar münasibətlərə girirsinizsə, əlaqədə olduğunuz qadınlar da sonradan kiminsə arvadı olacaqlar. Odur ki, əvvəlcə öz mənəviyyatınızı tərbiyə edin” – deyir Kuvatova.
Nazir müvafiq orqanlara tapşırıb
Bununla belə, ictimai xadimlər və məmurlar mənəviyyat və əxlaq sahəsində qanunların sərtlərşdirilməsi təşəbbüsləri ilə dəfələrlə çıxış ediblər. Məsələn, millət vəkili Saodat Amirşoyeva tacik qadınlarını xaricilərə ərə getməməyə çağırıb ki, bu, qeyri-vətənpərvər hərəkətdir.
Tacikistan rəsmiləri dəfələrlə ailə və dini ənənələrin qorunmasının vacibliyini bildirib.
Ondan bir qədər əvvəl isə ölkənin daxili işlər naziri məlumat bazası yaratmaq, ailə məcəlləsinə düzəliş etmək təklifini irəli sürmüşdü.
Onun firkrincə, evlənmək istəyən gənclər gələcək həyat yoldaşlarının əvvəllər hər hansı cinayəti törədib-törətmədiyini, müxtəlif xəstəliklərdən müalicə olunub-olunmadığını bu məlumat bankından öyrənə bilərdilər.
İnsan haqıları fəalları belə tədbirləri pisləsələr də, məmurlar bunu tamamilə qanunauyğun sayırlar, çünki onların məlumatına görə, ölkədə seksual xarakterli cinayətlər, əxlaqsız davranış halları artıb. Söhbət fahişəlikdən, qadın dəllallığından, cinsi istismardan və insan alverindən gedir.
Daxili işlər naziri Ramazon Rahimzoda müvafiq orqanları "Tacikistan vətəndaşlarının mənəvi simasını” qorumağa çağırıb.
BBC Azeri
Bizi sosial şəbəkələrdə izləyin !