“ATƏT-in Minski qrupunun həmsədrləri tez-tez qarşılıqlı etimadın zəruriliyindən danışırlar. Belə olan halda niyə bölgəyə səfər zamanı Azərbaycanda məcburi köçkünlərlə görüşmürlər?” APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin problemləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, işğal olunmuş ərazilərə məcburi köçkünlər qayıdacaqlar, ona görə də qarşılıqlı etimad məhz onlarla bağlı olmalıdır: “Həmsədrlər yalnız bir dəfə - 2001-ci ildə Ağdamdan olan məcburi köçkünlərlə görüşüblər. Ondan sonra bu yöndə hər hansı görüş olmayıb və bu, bir çox sual doğurur”. Baş nazirin müavini həmsədrlərin Laçın və Kəlbəcərə səfərlərindən hər hansı nəticə gözləmədiyini deyib: “2005 və 2010-cu illərdə ATƏT-in faktaraşdırıcı missiyalarının bölgəyə səfərləri olub və onlar yalnız işğal olunan ərazilərə ermənilərin köçməsi faktını qeydə almaqla kifayətləniblər: ”İndi də yəqin ki, gəlib həmin ərazilərdə Suriyadan ermənilərin köçürüldüyünü görəcəklər. Ancaq bu nəyi dəyişəcək? Mənasız səfərlərdən insan bezməlidir. Onlar bezmirlərmi? Həmsədrlər nəhayət ki, münaqişənin həlli istiqamətində qərar verməlidirlər”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !