"Dərsə piyada getdiyim yerlərdə bəzən, canavar da görmək olur”
"İşlədiyim məktəbə bu yaxınlarda 26 ildən sonra telefon xətti çəkdilər”
Ötən il vətənpərvərlik mövzusunda replə dərs deyən və bununla da məşhurlaşan Lənkəran rayonunun Gəgiran kəndində tarix müəllimi Həbib Əlizadə yeni layihələr həyata keçirir. O, kəndbəkənd gəzib uşaqlara kitab paylayır. Bu layihənin əsas məqsədi ucqar kənd uşaqlarını maarifləndirmək, boş vaxtlarını mütaliə ilə səmərəli keçirmələrinə yardımçı olmaqdır.
Həbib Əlizadə AzEDU.az saytına müsahibəsində bu layihənin əhəmiyyəti barədə geniş məlumat verib, ümumiyyətlə, ucqar kəndlərdəki məktəblərlə bağlı maraqlı məqamlara toxunub:
- Velosipedlə kənd-kənd gəzib uşaqlara kitab paylayırsınız. Necə oldu ki, belə bir layihə keçirmək qərarına gəldiniz?
- Bizim keçən il şagirdlərlə birgə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan repli tarix dərsimiz baş tutdu. Bu, insanların çox böyük maraq və dəstəyinə səbəb oldu. O vaxtdan, uşaqlara çoxlu hədiyyələr gətirməyə başladılar. Xeyli kitablar, testlər bağışlandı. Amma təəssüf ki, biz uşaqlara onların hamısını paylaya bilmədik. Sonra yay tətili gəlib çatdı. Mən yayda velosiped sürməyi çox xoşlayıram. Düşündüm ki, onsuz da velosipedlə gəzirəm, getdiyim yerlərdə kitab paylayıb, uşaqların sevincinə səbəb ola bilərəm. Tanışlardan, dostlardan da xahiş etdim ki, uşaqları toplasınlar. Getdikcə yolda gördüyüm uşaqlara kitablar verməyə başladım. Həm də bu kadrları videoya çəkib internetə yerləşdirirdim. Getdiyim bütün yerlərdən paylaşımlar etməyə çalışırdım. Beləliklə, insanlar mənə dəstək oldular, hədiyyələrin sayı getdikcə artmağa başladı. Beləcə, bizim velosipedlə kitab paylamağımız sistemli hal almağa başladı. - Kitabları təqdim edən zaman uşaqların buna reaksiyası necə olurdu? - Kitabları paylayanda bəzən, uşaqlar soruşurdular ki, filan kitab neçəyədir? Biz isə bunların hədiyyə olduğunu, pul ilə satılmadığını bildirirdik. Təbii ki, uşaqlar çox sevinir, təşəkkür edirdilər. Hətta bəzən valideynləri ilə birgə gəlib bizi gözləyənlər də olurdu. Biz çox da böyük şeylər hədiyyə edə bilmirdik, amma onların yay tətilində məşğul olacağı kiçik bir test də olsa, bağışlayırdıq. Düşünürəm ki, bu, uşaqlara çox müsbət təsir göstərirdi.
- Artıq bir neçə kənddə olmusunuz. Oralarla bağlı təəssüratınız necədir? Gözə dəyən əsas problemlər nələrdir?
- Bəs, getdiyiniz kəndlərin sakinləri sizin bu işinizə münasibəti necə olurdu?
- Təbii ki, münasibətləri xoş olurdu. Ciddi problemlərlə qarşılaşmırdıq. Media vasitələri, televiziya və sosial şəbəkələrdə dəstəyin çox olduğunu görüb, bir az da həvəslənirdilər. Bizi tanıdıqdan sonra başqa uşaqları da yönləndirirdilər.
- Gələcəkdə bu işi davam etdirmək fikriniz varmı?
- Bəli, təxminən 4-5 aydan sonra bu layihənin ikincisini başladacağıq. Ümid edirik ki, bu dəfə bizə daha çox gənc qoşulacaq. Bu işi növbəti illərdə daha böyük komanda və geniş qruplar şəklində davam etdirmək istəyirik.
- Reallaşdırmaq istədiyiniz başqa hansı layihələr var?
- Valideynlər və müəllimlərlə uzun müddətli faydalı, motivasiya yönlü təlimlər keçirmək, şagirdləri gəzintilərə aparmaq, ümumiyyətlə, ucqar kəndlərdəki müəllim və şagirdlərlə müəyyən işlər görmək istərdim. Hazırda sosial şəbəkələrdə "Gənc müəllim” adlı səhifəmiz var. Bu əsasən ucqar kəndlərdəki müəllimlərin fəaliyyətini, kreativ ideyalarını insanlara çatdırmağa xidmət edir. Daha çox kənd yerlərini diqqətdə saxlamağa çalışırıq. İstəyimiz odur ki, cəmiyyət fədakarlıq edən, yenilikçi insanları tanısın və maariflənsin.
- Layihə bitdikdən sonra kitab bağışladığınız uşaqlarla əlaqə saxlayıb, onların oxuyub-oxumadıqlarından xəbər tutmusuzmu?
- Öz məktəbimizin şagirdlərindən oxuyub-oxumadıqlarını maraqlandıq, amma uzaqda yaşayan uşaqlarla yenidən əlaqə saxlaya bilmədik. Kiçik həcmli və rəngli testlər olduğu üçün düşünürəm ki, uşaqlar onları oxuyacaqlar. Bunların arasında bədii kitablar da olurdu, amma çoxu testlər idi. - Olduğunuz hansı kəndin uşaqlarında mütaliəyə, kitaba daha çox maraq hiss etmisiniz? – Ümumiyyətlə, bizim cəmiyyətdə mütaliəyə maraq çox azdır. Bu, ən ciddi problemlərimizdən biridir. Deyə bilmərəm ki, hansısa kənddə yüksək mütaliə həvəsi gördüm. Xeyr, biz buna nail olmaq üçün hələ çox işlər görməliyik.
- Bu kampaniya həm də kəndlərdəki yaşayış tərzi ilə yaxında tanış olmaq imkan yaradır. Sizcə oradakı uşaqların əsas problemləri nədir?
- Bəzi insanların dar düşüncəyə sahib olmaları, ümidsizlikləri uşaqlara təsir edir. Onlar da dar çərçivədə böyüyürlər. Şagirdlərin dünyagörüşü az olur. Məsələn, işlədiyim yerdə uşaqlar internetdən istifadəni çox zəif bilirlər. Zərifə Əliyeva liseyi ilə əməkdaşlıq çərçivəsində iyirmi altı ildən sonra məktəbimizə telefon xətti çəkilib, internetlə təmin olunub. Şagirdlər kompüterdən istifadə etməyə başlayıblar. Düşünü
rəm ki, uşaqları mütaliəyə, kitaba həvəsli yetişdirməliyik. Ən əsası isə onların motivasiya olunmağa ehtiyacları var, biz onları ümidləndirməliyik.
- Olduğunuz kəndlərdəki kitabxanaların təchizatı, durumu necə, sizi qane edirmi?
- Bəli, kitabxana həm məktəblərdə, həm də kəndlərdə var. Yüksək səviyyədə fəaliyyət göstərmir, amma bu, təkcə kitabxanadan asılı olan məsələ deyil. Müəyyən qədər cəmiyyətin özündən də asılıdır. Uşaq görməlidir ki, valideyni kitab oxuyur. Məktəb kitabxanaları da eyni zamanda müəyyən tədbirlər görməlidirlər. Məsələn, uşaqlarla bağlı həvəsləndirici yarışmalar təşkil edə bilərlər.
- Bəzi kəndlərdə şagirdlərin, xüsusilə də qızların təhsil almasına imkan vermirlər. Bu barədə nə deyə bilərsiniz? Bu problemi aradan qaldırmaq üçün nə təklif edirsiz?
- Kənddə qızların təhsil almamasının bir çox səbəbləri var. Buna sosial, maddi durum da səbəb ola bilər, cəmiyyətin düşüncəsi, mentalitetin təsiri də... Düşünürəm ki, bu problemlə bağlı həm dövlət, həm də müəyyən təşkilatlar tərəfindən xeyli işlər görülməlidir. Qız uşaqları 8-9-cu siniflərə qədər oxuyub, məktəbdən ayrılırlar. Biz şagirdlərin özlərini də, valideynlərini də inandırmalıyıq ki, onlar təhsil alsalar, özlərinə daha gözəl həyat qura bilərlər. Düzdür, bəzən təhsil alanların da həyatında uğursuzluqlar olur, amma təhsilsiz insanların ailə qurub yetişdirdiyi uşaqlar, digərlərinə nisbətdə daha çox çətinlik çəkirlər. Onları maarifləndirməliyik.
- Ümumiyyətlə, uşaqları oxumağa həvəsləndirmək üçün ilk növbədə nələr edilməlidir?
-Şagirdlərlə ilk növbədə dost olmalıyıq. Dost olmasaq, onları çox şeyə inandıra bilməyəcəyik. Uşaqlara etikanı öyrətsək, dost olub təhsil verə bilsək, təbii ki, çox iş görə bilərik. Əgər şagird müəlliminin, valideyninin kitab oxuduğunu görürsə, təbii ki, o da oxuyacaq. Yarışmalar, müxtəlif kitab fləşmobları keçirmək olar. Yəni şəxsi nümunə olmalıdır. Biz nümunə olsaq, uşaqlar bundan olduqca təsirlənəcəklər. Uşaqlar sözdən yox, daha çox davranışdan mesaj alırlar. Bir məşhur söz var: "Əvvəlcə özündən başla”. Biz ilk olaraq özümüzdən başlasaq, çox iş görə bilərik.
- Təhsil sistemimizdə hansı dəyişiklikləri görmək istərdiniz?
- Müəllimlərin inkişaf etdirilməsi, dünyagörüşlərinin artırılması, davranış qabiliyyətlərinin yaxşılaşdırılması üçün işlər görülməlidir. Təhsil müəssisələrinin rəhbərləri inkişaf etdirilməlidir. Azərbaycan təhsil sistemi dünya təhsil sisteminə inteqrasiya olunmağa çalışır. Biz Qərbdə və Şərqdə olan müsbət dəyişiklikləri öz mənəvi dəyərlərimizə uyğunlaşdırıb tətbiq etməliyik. Haradasa müsbət dəyişikliklər varsa, biz də bundan geri qalmamalıyıq. Ən əsası isə şagirdlərlə münasibət yaxşı qurulmalıdır. Əgər həqiqətən onların həyatını dəyişmək istəyiriksə, ilk növbədə onlarla dost olmalıyıq.
- Yəqin, velosipedlə gəzib kitab payladığınız kəndlərdə başınıza hansısa maraqlı hadisələr gəlib...
- Bizim işlədiyimiz yerdə maraqlı hadisələr çox olur. Məsələn, dünən burada torpaq sürüşməsi olub, yolda problemlər yaranıb. Sürüşmə zonasınadək gəldik, oranı piyada keçdik, sonra isə başqa maşın çağırmalı olduq. Burada işlədiyim birinci il işə gedəndə bəzən 13 km palçıq yolu piyada getməli olurdum.
Sonralar eşitdim ki, həmin yoldan başqa biriləri maşınla keçəndə, yol qırağında canavar görüblər. Halbuki mən o ərazidən vaxtilə piyada keçmişəm. Ucqar kəndlərdə nə qədər çətinlik olsa da, maraqlı olur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !