Hərbi prokuror ermənilərin törətdiyi cinayətlərdən danışdı

20:54 | 31.03.2014
Hərbi prokuror ermənilərin törətdiyi cinayətlərdən danışdı

Hərbi prokuror ermənilərin törətdiyi cinayətlərdən danışdı

Ermənilərin Qarabağda törətdiyi ağır cinayət hadisələri ilə bağlı vahid istintaq-əməliyyat planı hazırlanıb. APA-nın məlumatına görə, bu barədə baş prokurorunun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib. O qeyd edib ki, həmin cinayət işlərinin Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq pozmalarına və Azərbaycan Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməsini, işlərin hərtərəfli, tam və obyektiv aparılmasını, səmərəliliyini, operativliyini təmin etmək məqsədilə həm icraatdakı, həm də istintaqı dayandırılmış cinayət işləri tərəfimizdən yenidən hərtərəfli və diqqətlə öyrənilmiş, törədilmiş cinayətlərin miqyası, xarakteri və spesifik cəhətləri nəzərə alınmaqla vahid istintaq-əməliyyat planı hazırlanaraq təsdiq edilib. Həmin planda cinayət işinə birləşdirilmiş hər bir iş üzrə araşdırılmalı xüsusatlar, həyata keçirilməli istintaq hərəkətlərinin tarixi ayrı-ayrı bəndlərdə öz əksini tapıb. Cinayət təqibi üzrə toplanmış materialların həcminin böyüklüyü, şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, həmçinin araşdırılmalı olan xüsusatların sayının çoxluğu, eyni zamanda həmin cinayətlərin törədilmə üsul və vasitələri, xarakteri nəzərə alınaraq işin aşağıdakı 4 istiqamət üzrə istintaq edilməsi müəyyənləşdirilib. 1. Ermənistanın silahlı birləşmələri, Dağlıq Qarabağdakı qanunsuz erməni silahlı dəstələri və SSRİ-nin (MDB) 366-cı alayının azərbaycanlılara qarşı törətdikləri soyqırımı; 2. Yenə yuxarıdakı subyektlər tərəfindən əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı işgəncələr verilməsi; 3. Ermənistan Respublikasının xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası və vətəndaşlarına qarşı terrorçuluğun maliyyələşdirilməsi, təşkili və həyata keçirilməsi; 4. Birinci bənddəki subyektlər tərəfindən Azərbaycan Respublikası  və vətəndaşlara vurulmuş ziyanın müəyyənləşdirilməsi; X.Vəliyev qeyd edib ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə törədilən cinayət əməlləri 1 oktyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Cinayət Məcəlləsinin 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid edilib. Cinayət işinin istintaqı hərbi prokurorluq orqanlarında son dövrlərdə keçirilən islahatlardan sonra daha da sürətlənib. Hərbi Prokurorluqda Xüsusi istintaq şöbəsi yaradılıb, qeyd olunan cinayət işinin istintaqı həmin şöbəyə həvalə edilib. Cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi Prokurorluğuna həvalə edildiyi vaxtdan hal-hazıradək 15 000-ə yaxın istintaq hərəkəti aparılıb, o cümlədən 9000-ə yaxın şəxs şahid və zərərçəkmiş qismində dindirilib, 3000-dən artıq şəxs zərərçəkmiş şəxs, 200-ə yaxın şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb, 900-dən artıq məhkəmə-tibbi, kompleks məhkəmə-əmtəəşünaslıq və mühasibatlıq və digər ekspertizalar təyin edilərək müvafiq rəylər alınıb, ayrı-ayrı istintaq hərəkətlərinin başqa ərazidə aparılmasına dair 400-dən artıq qərar qəbul edilib, 500-ə yaxın baxış, götürmə, maddi sübut kimi tanıma ilə əlaqədar istintaq hərəkətləri keçirilmiş, müxtəlif təşkilatlara 2000-ə yaxın sorğu göndərilib. Cinayət işi üzrə hal-hazıradək sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətdiyi müəyyən olunmuş 248 nəfər, onlardan Xocalı soyqırımı üzrə 39 nəfər, Qaradağlı soyqırımı üzrə 12 nəfər, Bağanıs-Ayrım soyqırımı üzrə 18 nəfər, Meşəli soyqırımı üzrə 9 nəfər, Kərkicahan soyqırımı üzrə 47 nəfər, işgəncə faktları üzrə 35 nəfər, terrorçuluq faktı üzrə 3 nəfər, digər epizodlar üzrə 85 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə, qanunsuz silah saxlama, cinayət barədə məlumat verməmə və s. cinayətlər törətmiş 48 nəfər, yəni cəmi 296 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılıb, məhkəmə qərarına əsasən barələrində həbs-qətimkan tədbiri seçilib və axtarışları ilə əlaqədar müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi təmin edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM