Heydər Əliyev Beynəlxalq Hava Limanına giriş niyə pulludur?

17:00 | 25.08.2015
Heydər Əliyev Beynəlxalq Hava Limanına giriş niyə pulludur?

Heydər Əliyev Beynəlxalq Hava Limanına giriş niyə pulludur?

 Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına girişin ödənişli əsaslarla olması xeyli müzakirələrə səbəb olur. Aeroportun dayanacaq pulunun olması normal qarşılansa da, sadəcə, giriş üçün pul ödənilməsinin əsassız olduğu vurğulanır.

Qeyd edək ki, region ölkələrindən Türkiyə, İran və Gürcüstanda sürücü uzunmüddətli parkinq xidmətindən istifadə etmirsə, hava limanlarına giriş və çıxışı ödənişsiz qaydada həyata keçirir. Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında avtomobillərin 1 saatadək qalması 1 manat təşkil edir, 1 günlük parkinq isə 5 manata başa gəlir. Sərnişin qarşılayan və yola salan sürücülərlə yanaşı, taksi kimi fəaliyyət göstərən avtomobil sahibləri də eyni əsaslarla hava limanı ərazisinə daxil olurlar.

Bəs, Hava Limanında nəzarəti hansı qurum həyata keçirir və ödənişli əsaslarla girişi kim müəyyənləşdirir?

Azərbaycan Hava Yollarından (AZAL) "Report”un sorğusuna cavab olaraq bildirilib ki, Heydər Əliyev Hava Limanında giriş və çıxış nəzarəti üzrə fəaliyyətin təşkili, dayanacaqların idarə edilməsi, hava limanının vağzalyanı ərazisində təhlükəsizliyin təmin edilməsi bir neçə müəssisə tərəfindən həyata keçirilir. Dayanacaqlarda inzibati təsərrüfat fəaliyyəti hava limanının rəhbərliyi tərəfindən həyata keçirilir, təhlükəsizlik isə AZAL-ın dövlət orqanları tərəfindən sertifikatlaşdırılmış Aviasiya Təhlükəsizliyi İdarəsi tərəfindən təmin olunur. Dayanacaqlar qanunsuz giriş hallarının qarşısının alınması məqsədilə mühafizə personalı və videomüşahidə kameraları ilə təchiz olunub.

Xidmətin ödənişli əsaslarla olmasına cavab olaraq AZAL-dan taksi və şəxsi nəqliyyat vasitələri ödənişli əsaslarla əraziyə daxil olmasını təsdiqləyib və bu halın qanunsuz olmamasını vurğulayıblar.

"Tariflər hava limanının abadlıq və saxlanma xərclərinin nəzərə alınması əsasında müəyyən edilir. Xidmətlərdən əldə edilən yığımlar yeni avadanlıq, onun proqram təminatı, texniki təhlükəsizlik, məxaric materillarının alınması, kommunal xidmətlərin ödənilməsi, personalın saxlanılması, ərazinin abadlığı və saxlanılması, Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi ilə imzalanan müqavilələr əsasında icarə haqqının və müvafiq vergilərin ödənilməsinə xərclənir", - AZAL-dan bildirilib.

Yalnız, dövlət proqramları və tədbirləri çərçivəsində hava limanına gələn avtomobillər, eləcə də digər xüsusi nəqliyyat vasitələri (FHN, polis, təcili yardım və digərləri) əraziyə ödənişsiz əsasda maneəsiz giriş-çıxış hüququna malikdirlər.

Qeyd edək ki, qısa bir müddət əvvəl Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Hava Limanına avtobuslar fəaliyyətə başlayıb. "BakuBus” MMC-yə məxsus olan bu avtobuslar hər 30 dəqiqədən bir Səməd Vurğun bağından Heydər Əliyev Beynəlxalq Hava Limanına doğru hərəkət edir və "Koroğlu” metro stansiyasının yanında dayanırlar. AZAL-dan verilən məlumata görə, hələlik 24:00-a kimi fəaliyyət göstərən avtobuslar, planlara uyğun olaraq, yaxın vaxtlarda 24 saatlıq iş rejiminə keçəcəklər. Bundan başqa, planlara əsasən, gələcəkdə Heydər Əliyev Beynəlxalq Hava Limanı və Bakı Dəmir Yolu Vağzalını dəmir yolu xətti birləşdirəcək. Bu dəmir yolu xəttinin tikintisi ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin məşğul olacaq.

"Digesta” hüquq şirkətinin rəhbəri, hüquqşünas Ərşad Hüseynov bildirib ki, dövlət mülkiyyətində olan ərazilərə giriş-çıxış ödənişli ola bilər, AZAL- da həmçinin dövlət mülkiyyətində olan qurumdur, lakin ödənişin məbləğini və qaydalarını dövlət, məsələn Tarif Şurası müəyyənləşdirə bilər. Hüquqşünas deyib ki, belə olsa, daha dəqiq və doğru olar.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Report”a verilən məlumata görə, Tarif Şurasının sözügedən xidmətlə bağlı heç bir qərarı mövcud deyil, ola da bilməz. Belə ki, Şura Dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin siyahısına daxil olunan xidmətlərin qiymətlərini müəyyənləşdirə bilər, bu xidmət isə həmin siyahıda yoxdur.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM