İranın iki tanınmış aktrisası hökumətə qarşı kütləvi etirazları açıq şəkildə dəstəklədiyi üçün həbs edilib. Bu barədə İranın dövlət mediası xəbər verib.
İRNA xəbər agentliyi bildirir ki, Henqame Qaziani və Kətəyun Riahi xarici kəşfiyyatla sövdələşmədə və İran hakimiyyətinə qarşı hərəkətdə ittiham olunurlar.
Nümayişçilərlə həmrəylik jesti olaraq hər iki qadın daha əvvəl ictimaiyyət qarşısına hicabsız çıxıblar.
Etirazlar sentyabrda polis nəzarətində olan qadının ölümündən sonra başlayıb.
22 yaşlı Mahsa Əmini sərt hicab qaydalarını pozduğu iddiası ilə paytaxt Tehranda əxlaq polisi tərəfindən saxlanılıb. O, üç gün sonra sentyabrın 16-da vəfat edib.
Məmurların onu dəyənəklə döyməsi və başını maşına çırpması barədə məlumatlar var, lakin polis onunla pis rəftar edildiyini təkzib edib və onun infarkt keçirdiyini bildirib.
İRNA deyir ki, xanım Qaziani və xanım Riahi - hər ikisi çoxlu mükafata layiq görülmüş aktrisalar - bazar günü İran prokurorluğunun göstərişi ilə saxlanılıblar. Onlardan Kətəyun Riahi məşhur "Həzrəti Yusif” teleserialında Züleyxa obrazını canlandırıb.
Həbsdən əvvəl xanım Qaziani sosial mediada yazıb ki, "nə olur-olsun, bilin ki, mən həmişə olduğu kimi İran xalqının yanında olacağam”.
"Bu, bəlkə də mənim son yazımdır", əlavə edib.
Aktrisalar İranın bir sıra yüksək profilli ictimai xadimlərindəndir ki, ölkənin ruhani idarəsinə qarşı aksiya keçirən etirazçılara dəstək verirlər.
Bazar günü səhər saatlarında Qətərdə keçirilən Dünya Çempionatında İranın milli futbol komandasının kapitanı Ehsan Hacsafi deyib ki, "biz ölkədəki şəraitin düzgün olmadığını və xalqımızın xoşbəxt olmadığını qəbul etməliyik”.
Ayrı-ayrılıqda İranın boks federasiyasının rəhbəri Hüseyn Sori ölkəsindəki etirazların zorakılıqla yatırılması səbəbindən İspaniyadakı turnirdən vətənə qayıtmayacağını açıqlayıb.
Hüquq müdafiəçiləri təhlükəsizlik qüvvələrinin basqıları nəticəsində 400-ə yaxın nümayişçinin öldürüldüyünü, 16.800 nəfərin isə həbs edildiyini bildiriblər.
İran liderləri deyir ki, etirazlar ölkənin xarici düşmənləri tərəfindən təşkil edilmiş "iğtişaşlar”dır.
Etirazlarla bağlı ən azı beş etirazçı edam cəzasına məhkum edilib.
Lida Abbaslı
www.anews.az