ABŞ prezidentliyinə potensial namizəd Hillari Klinton keçmiş müdafiə naziri Leon Panette ilə əlbir olaraq prezident Barak Obamaya qarşı əks-təbliğat aparırlar.
Analitik.az-ın xarici mətbuatdan aldığı məlumata görə, bunu ABŞ siyasi texnoloqu Dik Morris bəyan edib. D.Morrisin fikrincə, Pentaqonun keçmiş rəhbərinin B.Obamanın xarici siyasətini sərt tənqid etməsi “Klintonun ötürməsi” idi.
Nyu-York radiosuna müsahibə verən siyasi texnoloq deyib ki, eks-nazir Hillarinin B.Obamaya qarşı sifarişini yerinə yetirir. Obamanın kabinetində olanları, müzakirələri açıqlamaqla, o, Hillarinin “xeyrinə oynayır”.
Qeyd edək ki, Pentaqonun keçmiş başçısı oktyabrın 7-də bəyan etmişdi ki, B.Obama beynəlxalq birliyin ABŞ-a olan etimadını itirib. Xüsusən, Suriya məsələsində “qırmızı xətti” göstərərək, sonradan qəti addımlar atmaqdan çəkinməsi ABŞ-ın xarici siyasətini gözdən saldı.
Siyasi texnoloqların fikrincə, ABŞ-da 2016-cı ildə keçiriləcək prezident seçkilərində H.Klinton ən şanslı namizəd hesab olunur.
ANN.Az