Hökumət Beynəlxalq Bankı özəlləşdirməmək qərarına gəlib - RƏSMİ

17:24 | 09.02.2023
Azərbaycan hökuməti ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankını (ABB) özəlləşdirməyi planlaşdırmır. Bunu Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev deyib.

ABB 2021-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilib.

"Hazırda Beynəlxalq  bank mənfəətlə işləyir. Ona görə də biz onun özəlləşdirilməsini məqsədəuyğun hesab etmirik və bu məsələ bu gün gündəmdə deyil”, - Eynullayev cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

ABB 2022-ci ili 254 milyon 379,52 min manat xalis mənfəətlə başa vurub (2021-ci illə müqayisədə 21,8% artım).

ABB 1992-ci ildə yaradılıb və ölkənin ən böyük bankıdır. Bankın səhmdarları 1763 hüquqi və fiziki şəxsdir. Səhmlərin 96,37%-i dövlətə məxsusdur.

Bankın kapitalında Azərbaycan Maliyyə Nazirliyinin payı 92,56%, Əmlak Məsələləri Dövlət Xidmətinin payı 3,81% təşkil edir. Bundan əlavə, bankın kapitalının 3,06%-i fiziki şəxslərə - minoritar səhmdarlara, 0,23%-i "Aqrakredit” QSC-yə, 0,34%-i digər hüquqi şəxslərə məxsusdur.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb