Hökumət seçkiqabağı belə addım atmamalı idi - Ekspertlər bahalaşmadan danışdı

15:28 | 01.07.2024
Hökumət seçkiqabağı belə addım atmamalı idi - Ekspertlər bahalaşmadan danışdı

Hökumət seçkiqabağı belə addım atmamalı idi - Ekspertlər bahalaşmadan danışdı

İyulun 1-dən Tarif Şurası tərəfindən müəyyən edilən bəzi xidmətlər üzrə qiymətlərdə artım müəyyən edilib. 
 
Belə ki, 2024-cü il iyulun 1-dən etibarən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. Həmçinin  avtobus və metro sərnişin daşımalarının qiyməti adambaşı 50 qəpik müəyyənləşdirilib. 
 
Qiymət artımları bəzi dərman vasitələrində və kommunal xidmətlərdə də özünü göstərib. 
 
Qiymət artımları əhalinin iqtisadi vəziyyətinə necə təsir edəcək?
 
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirir ki, enerji dayıyıcıları məhsulları məhsulların maya qiymətinə təsir edən əsas amillərdən biridir. 
 
"Qiymətlərin bahalaşmasına təsir edən bir neçə açar məhsullar var. O açar məhsullardan biri də enerji daşıyıcılardır. Yəni yanacaqdır, qazdır, işıqdır. Enerji daşıyıcıları bütün əmtəə və xidmətlərin maya dəyərində xüsusi çəkisi çox olan bir sahədir. Ona görə də bu qiymət artırmı bütün qiymətlərin az və ya çox şəkildə bahalaşmasını stimullaşdıracaq. Məsələn yanacaq 10% bahalaşıbsa taksi qiymətlərində artım olacaq. Taksi xidmətinin maya dəyərinin 60 70 faizini yanacaq təşkil edir. Marketlərə məhsul daşıyan maşınlardır. Böyük maşınların əksəriyyəti dizel yanacağı ilə işləyir. Bir marketə bir anbardan hər hansı məhsulun gətirilməsi üçün həmin maşının yanacaq xərci 10 manata başa gəlirdisə indi bu 12 manat 50 qəpiyə olacaq. Bu da o deməkdir ki, nəqliyyat xərci 25% artıb. Nəticə olaraq bu marketdə həmin daşınan məhsulların maya dəyərinin üzərinə gələcək. Bunun başqa yolu yoxdur", - ekspert söyləyib. 
 
Akif Nəsirli hesab edir ki, kənd təsərrüfatı məhsullarında bahalaşma payız aylarında başlayacaq. 
 
"Qiymət artımı bu il özünü çox göstərməyə bilər. Çünki sahələrdə yancaq tutumlu işlər yekunlayıb. Bu artımları payız aylarından görə bilərik", - iqtisadçı söyləyib. 
 
Ekspert qiymət artımlarını hökumətin ölkədəki infiliyasiyaya təkanı kimi qiymətləndirilib. 
 
"Qiymət artımı hökumətin ölkədəki infilasiyaya əsaslı təkanı idi. Gəlir sabit qalır xərclər artır. Vətəndaşın gündəlik xərcli 40 qəpik artır. Bunu 20 günə vuranda 12 manat edir. İstirahət günləri də müxtəlif yerlərə getməsi nəqliyyat xərclərini də artır. Bu da gəlirlərin real dəyərini aşağı salır. İnfilasiya baş verir. Bunu etməyə bilərdilər. Onsuz da SOCAR-ın bağlanmayan xərclərin hamısı dövlət büdcəsi hesabına bağlanır. Nəqliyyat sahəsində çalışan şirkətlər var ki, onlar subsidaya ilə işləyir. Subsidiyanı artırmaq olardı. İlin sonuna yenidən biz iki rəqəmli infiliyasinın şahidi olacayıq. Azərbaycan hökumətinin qiymət artımı planları yalnız bunla yekunlaşmır", - Nəsirli vurğulayıb. 
 
İqtisadçı hökumətin parlament seçkiləri öncəsi bu qərarını Azərbaycan seçicisinə hörmətsizlik kimi qiymətləndirilib. 
 
"Hökumət parlament seçkiləri qabağı belə bir addım atır. Bunu iki ay gözləyib parlamentdən sonra da etmək olardı. Bu Azərbaycan ictimaiətinə, seçicisinə sayğısızlıqdır. Bunu nəzə almırlar. Hökumət parlament seçkilərində seçici iradəsinə əsaslanmır. Güvənmir. Seçici iradəsini hansısa bir təsirə malik qüvvə hesab eləmir, amma bunda da Azərbaycan hökuməti yanılmır", - o əlavə edib. 
 
Sosioloq Sahib Altay düşünür ki, aylıq xərclərin 25% artımı əhalinin sosial həyatına mənfi təsir edəcək. 
 
"Aylıq xərclərimiz 25% artacaq. Bunun qarşısında hər hansı məvacib artımı yoxdursa insanlar xərclərini azaltmalıdırlar. Onsuz da ölkə insanının əksəriyyəti istirahət etmir. İstirahət edən də yeməyindən-içməyindən,toyundan-yasından kəsməlidir. Bunu belə qarşılamalıdır. Neft-qaz ölkəsində neftin fantastik qiymətə qalxması və ya nəqliyyat xərclərinin artması, nəqliyyat nizaıı olmadığı təqdirdə bu cür qiymət artımları ağılasığmazdır. Bu da əhalinin sosial həyatına ciddi mənfi təsirlər göstərəcək. İqtisadi siyasətdə qeyri-neft sektoruna diqqət ayrılmalıdır. Bu da illərlə deyilir amma müsbət nəticə görmürük, ölkənin əsas büdcəsi neftdən asılıdır", - sosiloq bildirib. 
 
Sahib Altay indiki vəziyyətdə qiymətlərin artılmasının zəruri olmadığını hesab edir. 
 
"İndiki vəziyyətdə neftin qiymətləri ilə müqayisə edəndə belə bir zərurətin tam olduğunu görmürük. Çünki qiymətlərdə o dərəcədə eniş yoxdur. Sadəcə zərurət kimi insanlar bunu birbaşa olaraq tədbirlərlə əlaqələndirirlər. İnsanların buna qarşı şərhi budur ki, ölkədə bu təədbirlər əhalinin cibindən çıxarılan pulların hesabına keçirilir. Amma biz mütəxəsislər bunun 100 faizlik bir zərurəti olduğunu görmürük. Ancaq son dönəmlərdə bu baş verən tədbirlərlə bağlı avro standartlara uymaq məqsədli işlər görülür müsbətə doğru. Qiymətlər də ola bilsin o bazara uyğun şəkildə tənzimləmək istəyirlər. Bu da əhalinin zərərinədir. Əhali bundan ziyan çəkir", - sosioloq söyləyib. 
 
Dövlət Statistika Komitəsinin son açıqlamasına görə, ölkədə orta aylıq əməkhaqqı 1007,5 manat olub. 
 
Ölkə üzrə minumum əməkhaqqı isə 345 manat təşkil edir. 
 
2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
 
 
Gülnar Nazimqızı 
 

 

 


 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM