Hüquq müdafiəçiləri Pərviz Həşimli ilə görüşdü

16:18 | 18.12.2013
Hüquq müdafiəçiləri Pərviz Həşimli ilə görüşdü

Hüquq müdafiəçiləri Pərviz Həşimli ilə görüşdü

 Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi  Elçin Behbudov və köməkçisi Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında və müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, İstintaq Təcridxanasında saxlanılan “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli ilə görüşüblər: “Pərviz Həşimli təcridxanada şəraitin normal olduğunu bildirdi. Gündə üç dəfə yeməklə təmin olunur, havaya çıxarılır. Dekabrın 17-də ailəsi ilə telefon əlaqəsi yaradıb. Bir dəfə isə həyat yoldaşı ilə görüşə icazə verilib. O, telefon danışıqlarının mütəmadi olmasını istəyir. Mən bu məsələni qaldırdım. Dedilər ki, şərait yaradılacaq. Narazılığı istintaqın ləng aparılmasındandır. Bakı İstintaq təcridxanasına köçürülməsini istəyir. Mən bu məsələni də İstintaq Təcridxanasının rəhbərliyinə çatdırdım. Bildirdilər ki, onun Milli Təhlükəsizlik Nazirliyində saxlanılmasına məhkəmə qərar verib. Bu barədə məhkəmə qərarını mənə göstərdilər. Səbail Rayon Məhkəməsinin 18 sentyabr tarixli qərarında onun saxlanılması Milli Təhlükəsizlik Nazirliyinə həvalə edilib. Saxlanma yerinin dəyişdirilməsi məhkəmənin səlahiyyətindədir. Pərviz Həşimli müstəqil qəzetlərin ona verilməsini də xahiş etdi. Bununla bağlı mənə dedilər ki, İstintaq təcridxanasına dövlət qəzetləri gəlir. Gələn bütün qəzetlər saxlanılan şəxslərə verilir. Bilirsiniz ki, Pərviz Həşimli ötən məhkəmə prosesi zamanı ona işgəncə verilməsini, intihar etmək istəməsini demişdi. Mən bununla bağlı dəfələrlə soruşdum. Dedim ki, ictimaiyyət məndən xəbər gözləyir. Kim işgəncə verirsə, nə problem varsa, söylə araşdıraq. O da mənə dedi ki, bununla bağlı fikirlərini məhkəməyə yazıb verib. Söylədi ki, əlavə bir şey demək istəmir. Mən bunu da İstintaq Təcridxanasının rəhbərliyinə bildirdim. Bildirdilər ki, belə bir şey olmayıb. Pərviz Həşimli məhkəməyə aparılarkən qeydlərinin əlindən alınması məsələsini də soruşdum. Dedilər ki, oxuyub özünə qaytarıblar”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM