“Human Rights House Foundation” Azərbaycanla bağlı hesabat hazırlayıb

16:59 | 16.05.2022
“Human Rights House Foundation”  Azərbaycanla bağlı hesabat hazırlayıb

“Human Rights House Foundation” Azərbaycanla bağlı hesabat hazırlayıb

Azərbaycan  jurnalistlər və digər hüquq müdafiəçiləri üçün təhlükəsiz mühit yaratmalıdır. Bu fikir  "Human Rights House Foundation” təşkilatının hesabatında yer alıb.

"Azərbaycanda zorakılıq dalğası,  dövlətin hüquqlara müdaxiləsi ilə bağlı yayılan iddialar və hakimiyyətin cinayətkarları tez bir zamanda məsuliyyətə cəlb etməməsi yaxşı hal deyil. Buna dərhal son qoyulmalıdır”, -  hesabatda deyilir. 

Hesabat müəlliflərinin fikrincə, Azərbaycanda ifadə azadlığının müdafiəçiləri, araşdırmaçı jurnalistlər və digər media nümayəndələri zorakılıq, təhdid və pis rəftarla  qarşılaşır. 

"Azərbaycan vətəndaş cəmiyyəti Aytən Məmmədovaya hücumu "söz azadlığına hücum” kimi qiymətləndirib. Yerli hüquq müdafiəçilərinin məlumatına görə, 2022-ci il fevralında müstəqil jurnalistlər Fatimə Mövlamlı və Sevinc Sadıxova reportaj hazırlayarkən bir neçə dəfə təhqir edilib və döyülüb. Bu hücumlardan sonra polis hər iki jurnalisti 4 saat bölmədə saxlayıb”, - təşkilat bildirir.

Qurumun hesabatında ictimai fəal İmran Əliyevin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nəzarətində olmasına baxmayaraq 20 saat yoxa çıxmasında, keçmiş siyasi məhbus Bəxtiyar Hacıyevin 2022-ci il aprelində Daxili İşlər Nazirliyini təşkilatçılığı ilə oğurlanması iddiaları da öz əksini tapıb.

"Azərbaycanda hakimiyyət ifadə və fikir azadlığı hüququnu, müstəqil vətəndaş cəmiyyətini sıxışdırmaqda davam edir. Bundan əlavə, vətəndaş cəmiyyətinin hesabatları ifadə və fikir azadlıqlarına qarşı hücumları hakimiyyətlə əlaqələndirir. Bu hücumlar da öz növbəsində çox vaxt cəzasız qalır”, - hesabatda göstərilib.

"Human Rights House Foundation" Azərbaycan hakimiyyətini üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmət etməyə, jurnalistlərə və digər hüquq müdafiəçilərinə qarşı təhdid və zorakılığa dərhal son qoymağa, onlara qarşı törədilmiş cinayətlərlə bağlı operativ, hərtərəfli araşdırma aparmağa çağırır.
 
Rəsmi Bakı hələlik bu məsələyə münasibət bildirməyib.  
 
Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb