Bakıda keçiriləcək I Avropa Oyunlarında sabitliyin təmin olunması məqsədilə Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji xidməti "Bakı 2015"in Əməliyyat Komitəsinin müvafiq qurumları ilə birgə 20 Olimpiya obyektinin layihəsinin sanitariya-epidemioloji ekspertizasını həyata keçirib, müvafiq laboratoriya müayinələri aparıb.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Laboratoriya xidmətinin fəaliyyətini təkmilləşdirmək, xüsusən yeyinti məhsullarının və suyun laboratoriya təhqiqatını müasir tələblərə uyğun aparmaq üçün yeni laboratoriya cihaz və avadanlıqları alınıb, mütəxəssislərin yüksək səviyyədə hazırlığı təmin edilib, bir sıra yeni göstəricilərin təyini üsulları tətbiq edilib.
"Son dövrlərdə təşkil edilən, ən müasir avadanlıqla təchiz edilən toksikoloji laboratoriya, yeni diaqnostik vasitələrin istifadəyə verildiyi mikrobioloji laboratoriya hazırda tam gücü ilə işləyir", - nazirlikdən bildirilib.
Hazırda Əməliyyat Komitəsi tərəfindən akkreditasiya olunan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) 13 nəfər yüksək ixtisaslı mütəxəssisi gündəlik olaraq bilavasitə tədbirlərin aparılmasında iştirak edirlər: "Qısa müddət ərzində GEM tərəfindən Bakı və Mingəçevir şəhərlərində idmançıların qalması və qidalanması üçün nəzərdə tutulan obyektlərdə içməli suyun tam mikrobioloji, toksikoloji və fiziki-kimyəvi müayinələri 72 su nümunəsində yoxlanıb və aparılan müayinələrin nəticəsində normalardan kənaraçıxmalar müşahidə olunmayıb. Bundan əlavə, qidalanma təşkil ediləcək obyektlərdə də mütəxəssislər tərəfindən yerində baxışlar keçirilib, zəruri hallarda müvafiq təkliflər verilib.
Bakı və Mingəçevir şəhərlərində zəruri hallarda həşəratlara və gəmiricilərə qarşı dezinfeksiya və deratizasiya tədbirləri aparılıb və bu tədbirlər hazırda da davam etdirilməkdədir.
Oyunların keçiriləcəyi dövrdə Bakı və Mingəçevir şəhərlərində 2 növbəli iş rejimində fəaliyyət göstərilməsi, su təchizatı və qidalanma obyektlərində, əhalinin kütləvi istirahət və gəzinti yerlərində sanitariya nəzarətinin gücləndirilməsi, yoluxucu xəstəlik ocaqlarında zəruri tədbirlərin görülməsi, ümumşəhər su anbarlarında gündəlik olaraq su nümunələrinin laboratoriya müayinəsinin aparılması barədə Respublika GEM-i müvafiq əmr verib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !