"İyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarına görə pensiyaların gecikdirilməsindən söhbət gedə bilməz".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.
Sədrin sözlərinə görə, pensiyaların maliyyələşdirilməsi Fondun cari işidir: "Qurumun birinci rüb fəaliyyətinin nəticələrinə baxdıqda Fondun gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsini müşahidə edə bilərsiniz. Misal olaraq, bu müddətdə gəlir proqnozunu qeyri-büdcə sektoru üçün 108% icra etmişik ki, bu da keçən ilin birinci rübü ilə müqayisədə 30 milyon artıq vəsait toplamaq deməkdir. Bu bizə imkan verir ki, pensiyaların maliyyələşməsini vaxtlı-vaxtında, hətta qrafikdən əvvəl reallaşdıraq. Bir sözlə, Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişaf edir və insanlar əmək haqlarını vaxtında alıb sosial sığorta haqlarını ödəyirlər".
O, həmçinin qeyd edib ki, sosial sığorta haqları əmək haqlarına bərabər şəkildə köçürülür: "Bu da adətən ayın son günlərinə təsadüf edir. Qrafikə əsasən, pensiyaları öncədən maliyyələşdiririk. Bu bizim əlavə resurslara malik olduğumuzu bir daha təsdiqləyir. Ona görə də hesab edirik ki, ilin növbəti dövründə də pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi tendensiyasını əldə saxlaya biləcəyik".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !