Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının Korporativ Sosial Məsuliyyət layihələrinin qiymətləndirilməsi
məqsədilə keçirdiyi müsabiqənin qaliblərindən olub. Bank bu il reallaşdırdığı
IBA Tech Akademiyası layihəsinə görə ölkəmizdə korporativ sosial layihələrdə fəal
iştirak edən biznes qurumu kimi mükafatla təltif edilib. Qlobal Sahibkarlıq Həftəsi
çərçivəsində noyabrın 21-də "Fairmont” otelində "Dayanıqlı inkişaf məqsədləri və
biznes mühiti” mövzusunda keçirilən konfrans zamanı mükafat Azərbaycan Beynəlxalq
Bankına təqdim edilib.
Belə bir müsabiqənin məqsədi ölkəmizdəki biznes subyektlərinin həyata
keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına nail
olmaq, bu sahədə motivasiya yaratmaqdır. Müsabiqəyə ölkənin ayrı-ayrı aparıcı
biznes qurumları öz KSM layihələrini təqdim ediblər. Layihələrin qiymətləndirilməsi
Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə həyata keçirilib. Bu zaman layihələrin
dayanıqlı iqtisadi inkişafa dəstək səviyyəsi, əhatə dairəsi, məzmunu, cəmiyyətə
faydaları və s. bu kimi amillər nəzərə alınıb.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı IBA Tech Akademiyasını bu
ilin sentyabrında yaradıb. Burada məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları
nəzərə alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin
hazırlanmasına dəstək olmaqdır. Akademiyanın ölkəmizin biznes mühitində ilk dəfə
reallaşdırdığı sosial layihəsi çərçivəsində burada təhsil ödənişsizdir. Hazırda
100-dən artıq gənc IBA Tech Akademiyasında təşkil olunan ilk intensiv bootcamp
kurslarında ölkəmizin əmək bazarında xüsusilə böyük tələbat olan FrontEnd və
BackEnd proqramlaşdırma biliklərinə yiyələnir.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müşaviri Zaur Ələkbərov
bildirib: "IBA Tech Akademiyası layihəsinin
qazandığı mükafat, bu təşəbbüsümüzün
mühüm ictimai faydalarından irəli gəlir. Azərbaycan Beynəlxalq Bankı cəmiyyətimizin
yüksək maraq və rəğbətlə qarşıladığı bu cür gərəkli layihələri bundan sonra da
davam etdirəcək”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !