Xalq yazıçısı Çingiz Abdullayev bir neçə gün əvvəl Kürdəmir rayonunda oxucuları ilə görüşə getdiyini, lakin rayona səfəri zamanı icra başçısı və müavinlərinin onunla görüşmədiyini deyib.
Report-a müsahibə verən tanınmış yazıçı icra başçısının müavinlərinin onunla görüşməsinə hətta qadağa qoyduğunu deyib: "Bu yaxınlarda akademik Rafael Hüseynovla birlikdə Kürdəmirdə oxucularımla görüşə getmişdim. Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı nə bizimlə görüşə gəldi, nə də bizim onunla görüşməyimizə imkan verdi. Hətta müavininə bizimlə görüşməyi qadağan etdi. Mən Azərbaycanın beş xalq yazıçısından biriyəm. Biz Bakıdan sizin rəhbərlik etdiyiniz rayona qonaq gəlmişik. Başa düşürəm ki, siz icra başçısısınız və qəbullarınız, görüşləriniz olur. Amma heç olmasa rəhbərlik etdiyin rayonun sakinlərinə hörmət etməyi özünə borc bil. Təsəvvür edin ki, mənim görüşümə yüzlərlə oxucu gəldiyi halda icra başçısı hətta müavinini belə bizim yanımıza buraxmadı. İcra başçısı sadəcə bunu unutmamalıdır ki, o, mənə deyil, mən ona lazımlı adamam. Sizi inandırım ki, Kürdəmir camaatı qayıdandan sonra mənə dəfələrlə zəng edib icra başçısının bu hərəkətlərinə görə üzr istədilər”.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Xalq yazıçısına düzgün məlumat verilmədiyini düşündüyünü bildirib. İcra başçısı Çingiz Abdullayevə böyük hörmət bəslədiyini, onun rayona gəlməsi barədə əvvəlcədən məlumatlı olmadığını deyib: "Hər həftənin 4-cü günü dövlət qurumları ilə əvvəlcədən razılaşdırılmış qrafikə uyğun olaraq rayonun kəndlərində səyyar qəbullar keçiririk. Aprelin 4-də, yəni Çingiz Abdullayevin rayonumuza gəldiyi gün Mollakənd kəndində əhali ilə səyyar görüş-qəbulda olmuşam. Həmin görüşdə Mollakənd kənd inzibati ərazi dairəsinə daxil olan Mollakənd, Türkədi, Çərtəyəz və Ərəbxana kəndlərinin onlarla sakininin şikayətləri və problemləri dinlənilib, müvafiq tapşırıqlar verilib. İcra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri də tədbirdə iştirak ediblər. Bu səbəbdən də biz həmin gün rayon mərkəzində olmamışıq. Həmçinin Çingiz Abdullayevin rayona gəlməsi barədə əvvəlcədən bizə məlumat verilməyib. Əgər məlumatlı olsaydıq Çingiz müəllimdən görüşünü bir gün sonraya keçirməsini xahiş edərdik. Çox təəssüf ki, hər birimizin böyük hörmət bəslədiyi Çingiz Abdullayevə düzgün məlumat verməyiblər və onda belə bir fikir formalaşıb”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !