Sumqayıt şəhər İcra Hakimiyyəti binalardan paltar asılmasına qoyulan qadağaya aydınlıq gətirib.
ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, İcra Hakimiyyətinin informasiya şöbəsinin müdiri Ayaz İmaməliyev açıqlamasında bildirib ki, sakinlərə binaların küçəyə baxan hissəsində paltar asılmaması üçün tövsiyyə olunub:
"Bu həmişə gündəmdə olan məsələ olub. Tək Sumqayıtda yox, bütün iri şəhərlərdə də proses həyata keçirilir. Yəni buna qadağa demək olmaz. Sadəcə mənzil istismar sahələrinə tapşırıq verilib ki, binaların küçəyə tərəf hissəsində paltar asılmaması sakinlərə tövsiyyə olunsun. Dünyanın heç bir yerində də belə şey yoxdur. Bunun özü bir mədəniyyətdir”.
Binaların fasadlarının yeniləndiyini və necə gəldi asılan paltarların görünüşə xələl gətirdiyini deyən icra rəsmisi qeyd edib ki, sakinlər bu tövsiyyəni anlayışla qarşılayırlar:
"Hətta bizə müraciətlər də olur ki, şəhərin ortasında eybəcər mənzərə yaranır. Bundan başqa binaların qarşısındakı səkilərdə gedərkən insanların başına su damcılayır. Odur ki, buna qadağa demək olmaz. Hər kəs bunu anlayışla qarşılayır. Praktikamızda hələ ki, riayət etməməklə bağlı problemimiz yoxdur”.
Xatırladaq ki, Sumqayıt icra hakimi Eldar Əzizov binaların küçəyə tərəf hissəsində paltar sərilməsini qadağan edib. Bu iş mənzil istismar sahələrinə tapşırılıb. Hər mənzil istismar sahəsi öz ərazisində sakinlərə xəbərdarlıq edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !