İctimai-siyasi şəxslər son təyinatlarla bağlı nə düşünür? - ŞƏRHLƏR

17:36 | 21.06.2019
İctimai-siyasi şəxslər son təyinatlarla bağlı nə düşünür? - ŞƏRHLƏR

İctimai-siyasi şəxslər son təyinatlarla bağlı nə düşünür? - ŞƏRHLƏR

Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə daxili işlər naziri Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev isə vəzifəsindən azad edilərək müdafiə sənayesi naziri təyin edildi. Prezidentin başqa sərəncamı ilə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov daxili işlər naziri, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev isə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edildi.

Bundan sonra, yeni təyinatlar ciddi müzakirələr açdı.

Anews.az olaraq ictimai-siyasi şəxslərin məsələ ilə bağlı fikirlərini təqdim edirik:

Politoloq Elxan Şahinoğlu yazır ki, Ramil Usubov 25 il idi ki, daxili işlər naziri idi. Hakimiyyət nümayəndələri Ramil Usubovun fəaliyyətini müsbət qiymətləndirirdilər. Mərhum dövlət başçısı Heydər Əliyev hətta çıxışlarının birində demişdi ki, qəzetlərin yazdığının əksinə olaraq o Ramil Usubovun işindən razıdır və o vəzifəsində qalacaq. Ramil Usubovun mövqeləri 2005-ci ildə Hacı Məmmədov olayında zəiflədi. Daxili İşlər Nazirliyində cinayətkar qrupun fəaliyyətinin ifşa olunması cəmiyyətdə və elə hakimiyyətdə ciddi suallar doğurdu. Buna baxmayaraq, Ramil Usubov vəzifəsini qoruya bildi. Sadəcə, həmin tarixdən başlayaraq Ramil Usubovun dəyişdiriləcəyi xəbərləri yayılmağa başladı. Bu xəbərlərə baxmayaraq, Ramil Usubov həmin hadisədən sonra hələ 14 il də daxili işlər naziri olaraq çalışdı.

İkincisi, prezidentin Ramil Usubovu Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinatının arxasında bu kadrı itirməmək istəyi dayanır. Ramil Usubov Təhlükəsizlik Şurasının katibi vəzifəsində texniki çalışmaları həyata keçirəcək, xarici həmkarları ilə görüşüb fikir mübadiləsi aparacaq. Buna qədər bu işləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev həyata keçirirdi. Ramul Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsi təyin olunması yaşı 80-ə yaxınlaşan Ramiz Mehdiyev üçün dövlət vəzifəsindən uzaqlaşması prosesini də sürətləndirəcək.

Mədət Quliyevin təyinatından da yazan politoloq hesab edir ki, Quliyevin müdafiə sənayesi naziri təyin olunması iki səbəbdən gözlənilməz olub.

"Birinci səbəb o idi ki, Mədət Quliyevin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyinatından çox da uzun müddət keçməmişdi və onun fəaliyyətindən narazılıq yox idi. İkinci səbəb o idi ki, müdafiə sənayesi naziri Yavər Camalovun vəfatından sonra bu nazirliyin "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ilə əvəz olunması ilə bağlı qərar verilmişdi. Bu qərardan 4 ay keçdikdən sonra "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edilərək Mədət Quliyev yenidən yaradılmış Müdafiə Sənayesi Nazirliyinə nazir postuna təyin olundu. Görünür, Mədət Quliyevin idarəçilik bacarığı yenidən yaradılmış Müdafiə Sənayesi Nazirliyin işini canlandırmalıdır.
 
Bu həm də o deməkdir ki, Müdafiə Sənayesi Nazirliyinin "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti şəklində əvəzlənməsi özünü doğrultmadı.
Beləliklə, prezident sosial islahlatlarla yanaşı kadr islahatlarını da genişləndirir. Çünki bu ikisi bir-biri ilə əlaqəlidir. Prezident seçkisindən sonra bir qrup gənclərə etibar edilmiş və onlar müxtəlif nazirliklərə rəhbər vəzifələrə təyin edilmişdilər. Bu prosesin davam etdirilməsi zəruridir. Maaş və pensiyaların artımı və bu prosesin gələcəkdə də davam etdirilməsi hakimiyyətin bütün resurslarının səfərbərliyini diqtə edir. Çünki, yalnız neftin qiymətləri üzərində iqtisadi problemləri həll etmək çətindir, çevik və müasir çağırışlara cavab verən idarəçilik sistemi qurulmalıdır. Bu mənada bir sıra dövlət strukturlarında yeni yanaşmaların tətbiqinə ehtiyac var. Azərbaycanda kadr yerdəyişmələrini bölgədəki gərgin vəziyyətlə də əlaqələndirmək olar. Cəbhə bölgəsində və qonşu İran ətrafında artan gərginlik, Rusiyanın Cənubi Qafqaz siyasəti, o cümlədən digər qonşu ölkələrdə baş verən proseslər tədqiq olunmalı, mümkün təhlükələr önlənməlidir. Sistem bunları bacarmalıdır”, - deyə politoloq Elxan Şahinoğlu feysbukundakı postunda qeyd edir.

Məsələyə millət vəkili Aydın Mizəzadə də münasibət bildirib.

Təyinatlardan danışan millət vəkili deyir ki, təyin edilmiş şəxslər Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Onlar öz fəaliyyətləri ilə dövlətçiliyimiz və prezidentin apardığı dövlət siyasətinə sədaqətləri ilə tanınırlar.  Təyin olduqları işlərdə yeni dövrün tələblərinə uyğun olaraq fəaliyyət göstərəcəklərini düşünürəm. 

Onun sözlərinə görə, keçmiş daxili işlər naziri Ramil Usubovun  Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilməsi prezidentin ona olan yüksək etimadının göstəricisidir. Ramil Usubovun yüksək peşə hazırlığı dövlətçiliyin möhkəmləsində xüsusi rolunu göstərir. Dünyanın bir çox ölkələrində Təhlüksəizlik Şurasının katibi vəzifəsi müstəqil vəzifədir və Azərbaycan da artıq öz dövlətçiliyinin inkişafında o səviyyəyə çatıb ki, bu posta yüksək hazırlıqlı və cəmiyyətin tanıdığı bir şəxsi təyin edilməsinə ehtiyac duyulub.  

"Eyni zamanda, gənc kadrların irəli çəkilməsi Azərbaycanda müstəqillik dövründə müstəqilliyin ruhuna, dövlətçiliyin tələblərinə bağlı olan kadr korpusun formalaşdığını göstərir. Yeni təyin olunan şəxslərin hər birinə uğurlar arzulayıram və etimadı doğruldacaqlarına inanıram”, - deyə Millət vəkili Aydın Mizəzadə bildirib.

Politoloq Nəsimi Məmmədli isə hesab edir ki, klassik mənada güclü dövlət konyunkturunu ölkəmizdə çox güclü hakimiyyət əvəz edib.

Onun sözlərinə görə, Dövlətin marağı bütün hallarda sadə, aydın və konkret çərçivə ilə mövcuddur. Hətta hökumətin də funksionallığı, səmərəliliyi və inzibati parametrləri məyyən bir normalarala, qaydalarla tənzimlənir. Amma hakimiyyət marağı çox mürəkkəb, ziddiyyətli, qeyri-müəyyən və dəyişkəndir. Bəzən hətta idarə edənin sadəcə ovqatına bağlıdır. Odur ki, kimin hansı vəzifəyə niyə təyin edilməsinin məntiqi arqumentini axtarmaq bu şəraitdə yanlışdır. Uzaqgörən geosiyasi səbəblər axtarmağa da heç bir gərək yoxdur.

"Hakimiyyətin yeganə strategiyası, taktikası və qayğısı özünü daha da gücləndirməkdir. 2002 və 2009-cu illərdə keçirilən referendumlarda olduğu kimi 2016-cı ilin referendumu da bu məqsədə xidmət edirdi. Növbəti və növbədənkənar seçkilərin də istisnasız olaraq əsas məqsədi budur.
Hakimiyyətin iqtisadi-siyasi islahat aparmaq imkanı və marağı yoxdur. Buna hakimiyyətin xarekteri imkan vermir. 
Son illər iki istiqamətdə çalışmalar diqqət çikirdi. Oliqarx-məmurların idarəetmədən sıxışdırılması, yerinə menecer idarəçilərin təyin edilməsi. Digəri isə regional təsir qrupunun (klanın) hakimiyyətə təsirini azaltmaq idi. 

Birinci istiqamətdə bəzi addımlar atılsa da ikinci istiqamətdə ciddi müqavimətlə üzləşən hakimiyyət geri çəkildi. 2016-cı il referendumundan sonra nəzərdə tutulan hakimiyyətiçi nizamlama hakimiyyəti zəiflətməyə başlamışdı. 2018-ci ilin növbədənkənar prezident seçkisi də bu zəifləməni durdura bilmədi. Hətta 2019-cu ilin başlanğıcında müşahidə olunan sosial-siyasi fəallıq hakimiyyətin ciddi narahatlığına səbəb olmuşdu. Odur ki mövcud sosial-siyasi durumu sərt idarəçiliklə saxlamaq variantına üstünlük verənlərin mövqeyi daha da gücləndi”, - deyə politoloq qeyd edib.

Nəsimi Məmmədli əlavə edib ki, Hakimiyyət sərbəst toplaşmaq azadlığını tam qadağan etməklə, sosial şəbəkələrin yaratdığı yeni sosial-psixoloji mühitdə vətəndaşların siyasi fəallığının artmasının qarşısını ala bilib. Sosial təminat sahəsində müəyyən müsbət addımlar atmaqla cəmiyyətdə gərginliyi azaltmağa qismən nail olub. Fürsətdən istifadə edərək inzibati idarəetməni daha da gücləndirərək irimiqyaslı siyasi kampaniyalar öncəsi vətəndaş fəallığını tamamilə aşağı salmaq istiqamətində hazırlıq aparılır.

Onun sözlərinə görə, regionda baş verən siyasi dəyişikliklərin cəmiyyətə psixoloji təsirlərini nəzərə alıb hakimiyyətin bütün zəif nöqtələri gücləndirilir. Nəinki icra hakimiyyətlərinin başçılarının, hətta komitə sədrləri və nazirlərin də tez-tez yerdəyişməsi variantı sınaqdan keçirilir. Bir şəxsin uzun müddət eyni vəzifədə qalması praktikasını dəyişmək taktikasına üstünlük verilir. Bunu yaxşı və ya pis variant olmasını indi müzakirə etmək istəmirəm.

"Ümumiyyətlə bu kimi kadr dəyişikliyi cəmiyyətdə hansısa nəzərə çarpan xüsusi dəyişiklik yaratmayacaq. Sadəcə qısa bir müddət mənasız və nəticəsiz müzakirələr ola bilər. Cəmiyyətin taksanomiyasına əsaslansaq ölkədə böyük dəyişikliklər qaçınılmazdır. Bunu müvəqqəti ləngitmək olar, amma həmişəlik saxlamaq mümkün deyil. 

İctimai maraqlar naminə hamılıqla çalışmaq lazımdır!”, - deyə politoloq Nəsimi Məmmədli özünün feysbuk hesabında yazıb.

Millət vəkili Elman Məmmədov isə düşünür ki, kadr sahəsində dəyişikliklər bundan sonra da  davam edəcək.

Millət vəkili deyir ki, prezident hakimiyyəti dövründə hər zaman bəyan edib ki, bütün sahələrdə daimi  islahatlar aparacaq.

"Məlum məsələdir ki, bütün sahələrdə islahatlar həyata keçirilir,  o cümləndə kadr sahəsində vaxtaşırı olaraq dəyşiklik baş verir.  Belə düşünürəm ki, qərarların verilməsi çox doğrudur. Vəzifəyə təyin olunan şəxslərin hər biri özünün yüksək səviyyəli iş qabiliyyəti ilə yetərincə tanınıb. Bütün yeni təyinata layiq görülənləri təbrik edir və uğurlar arzulayıram”, - deyə millət vəkili bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb