Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
O bildirib ki, 2013-2016-cı illərdə 680 min manat mənimsəməsi ilə bağlı ittihamla əlaqədar istintaq materiallarında olan qəbzlərdən yalnız öz imzası olanları təsdiq edir: "Mənə 2017-ci ildə eyni ittihamla cinayət işi başlanan zaman audit şirkəti rəy vermişdi ki, şirkətin kassasına edilən mədaxillər, yəni mənim ödədiyim pullar məxariclərdən - çıxardığım vəsaitdən çoxdur. Həmin vaxt audit mənim mədaxil qəbzlərimi də nəzərə almışdı. Bu rəyə əsasən də 2017-ci ildə başlanan cinayət işinə xitam verilmişdi. Bu cinayət işində yenə də həmin audit şirkəti eyni dövrdə guya mənim mənimsəməyə yol verməyim barədə rəy verib. Halbuki audit zamanı mənim yalnız kassadan məxaric qəbzlərim nəzərə alınıb, mədaxil qəbzləri isə ümumiyyətlə rəyə daxil edilməyib”.
Təqsirləndirilən şəxs əlavə edib ki, "İdeal Kompani”nin kassa əməliyyatları ilə bağlı bütün məlumatlar şirkətin mühasibatlığındakı proqram təminatında mövcud olub və həmin proqram təminatı fləşkart vasitəsilə istintaq tərəfindən götürülüb.
İ.İsmayılov deyib ki, 2013-2014-cü illər ərzində ona bankdan 5 milyon manatlıq kredit xətti açılıb: "Həmin kreditlər mənim adıma olsa da, qəpiyinədək "İdeal Kompani”yə mədaxil edilib və şirkətin inkişaf etməsi, əlavə mağazaların açılması və kapitalın artırılmasına sərf edilib. Kreditləri də mən ödəmişəm”.
İ.İsmayılov daha sonra ittiham və iş üzrə zərərçəkmiş qismində tanınan "Adore Kompani”nin nümayəndələrinin, həmçinin məhkəmənin suallarını cavablandırıb.
Növbəti proses iyulun 5-nə təyin edilib.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !