Dünyanın üçüncü nəhəng smartfon istehsalçısı Çinin "Huawei" şirkəti "Android" və "Windows Phone" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən ikisistemli smartfon ideyasını dəstəkləyərək belə modeli 2014-cü ilin ikinci rübündə təqdim etməyi planlaşdırır. Bu barədə şirkətin marketinq üzrə direktoru Şao Yanq "Trusted Reviews" nəşrinə müsahibədə bildirib.
Ş.Yanqın fikrincə, ikisistemli qurğu geni istifadəçi auditoriyasının diqqətini cəlb edəcək. "Windows Phone" əməliyyat sisteminə keçid əksər istifadəçilər üçün asan seçim deyil. Qurğu eyni anda istəyə uyğun keçidin mümkün olduğu həm "Android"dən, həm də "Windows"dan istifadəni təqdim edəndə seçim xeyli asanlaşır", - o, müsahibədə deyib.
Şirkət qurğunun texniki xarakteristikası və iki əməliyyat sistemi arasında keçidin xüsusiyyətləri barədə məlumatları hələlik açıqlamır. Bundan əvvəl "Huawei" dünya bazarına "Windows Phone " sistemli "Ascend W1" və "Ascend W2" smartfon modellərini təqdim edib. "IDC" analitik şirkətinin məlumatına görə, 2013-cü ilin yekunları üzrə Çin şirkəti smartfonların tədarük həcminə görə dünyada 4,9 faizlik payla və ya 48,8 milyon qurğu ilə üçüncü yeri tutmaqla yalnız "Samsung" və "Apple" istehsalçılarından geri qalıb.
Qeyd edək ki, ikisistemli smartfonların hazırlanması ilə məşğul olmasını bu yaxınlarda "Microsoft" korporasiyası ilə tərəfdaşlıq sazişi imzalayan Hindistanın "Karbonn" şirkəti də bəyan edib. "Android" və "Windows Phone" sistemli modelin 2014-cü ilin iyununda satışa çıxarılması gözlənilir, - "Digit www.digit.ru" yazır.
ictnews.az