İlahiyyatçıdan valideynlərə çağırış: Yeniyetmələrə yönəlik cinayətkar qrup yaranıb

07:02 | 19.01.2022
İlahiyyatçıdan valideynlərə çağırış:  Yeniyetmələrə yönəlik cinayətkar qrup yaranıb

İlahiyyatçıdan valideynlərə çağırış: Yeniyetmələrə yönəlik cinayətkar qrup yaranıb

Bakıda bir qrup dələduz peyda olub ki, onlar yeniyetmələrə telefon satmaq adı ilə yazır, məqsəd isə onların  pulunu mənimsəməkdir, bunu ilahiyyatçı Hacı Təyyar Hüseynli anews.az-a açıqlamasında bildirib. 

"Sosial şəbəkələrdə yeniyetmələrə qarşı yönəlmiş bir mütəşəkkil cinayətkar dəstə var. Həmin dəstə bəzi alqı-satqı saytlarında mobil telefon və digər əşyaları ucuz qiymətə satmaq adı ilə yeniyetmələri aldadır. Valideynlərindən xəbərsiz onlardan telefon barədə məlumat soruşur,  asanlıqla təsir altına salaraq həmin telefonu satmaq üçün razılığa gətirə bilirlər. Yeniyetmələri hədəf alan bu saxtakarlıq dəstənin toruna mənim oğlum da düşüb. Oğlum bir müddət öncə tap.az-da elan görüb. İPhone modelinə məxsus telefonu aşağı qiymətə qoyulması diqqətini çəkib, o da elandakı nömrə ilə əlaqə yaradıb. Danışıq əsnasında telefondakı şəxs övladıma psixoloji təsir edib, telefon almağa razı salıb.  Daha sonra Kapital bankın Bakı və şəhər ətrafında Xəzri köçürmə  adlı ödəmə xidməti ilə vəsiqədən-vəsiqəyə ödəniş edilməsini tələb edib. Ödəniş üçün oğluma göndərilən vəsiqə İlkin Allahverdiyev adlı şəxsin idi. Oğlum həmin vəsiqədə göstərilən ünvana 250 manat ödəniş edib. Oğlum ödənişi etdikdən sonra həmin nömrə ilə əlaqə saxlaya bilməyib və beləcə uşağın pulunu mənimsəyib, aradan çıxıblar. Oğlum başına gələnləri mənə sonradan danışdı. Mən məsələni araşdırmağa başladım. Bilindi ki, zəng edilən nömrə fərqli birinə məxsusdur", - deyə o bildirib.

İlahiyyatçının sözlərinə görə, danışıq və  whatsapp kimi istifadə edilən nömrə, şəxsiyyət vəsiqəsi, maşının seriya nömrəsinin fərqli insanlara xas olması  ortada mürəkkəb və peşəkar bir cinayətkarlıq qrupun mövcudluğundan xəbər verir. 

"Bu mütəşəkkil dəstə ilə bağlı ilk növbədə 102-ə şikayət elədim, onlar məni Abşeron Rayon Polis Şöbəsinə yönləndirdi, ərizə ilə müraciət etdim. Polis Şöbəsində buna səthi yanaşmaq istədilər, cinayət işi açılmayacaq və s. kimi reaksiyalar verildi. Belə olduqda, fərdi şəkildə araşdırmağa üstünlük verib, yenidən müxtəlif yollarla həmin adamları tapmağa çalışdım. Oğlumun 16 yaşlı dostunun köməyi ilə  yenidən əlaqə saxlamaq istədik.  Ona bir telefon modeli yazıb, qiymətini soruşduq. Cavab olaraq satıldığını bildirdi. Daha sonra həmin adama yenidən yazıb  pulu qaytarmağını tələb etdikdə isə "hərənin bir işi var, mən dələduzluqla məşğulam və işimdən məmnunam" yazdı və bir müddət yazışdıqdan sonra əlaqə saxlamaq olmadı. Oğlumun dostunun həmin şəxs ilə yazışmalarının fotolarını sizə göndərəcəyəm", - deyə Hüseynli bildirdi. 

Təyyar Hüseynli bu məsələnin ciddi araşdırımalı olduğunu söylədi və valideynlərə övladlarını bu cinayətkar dəstədən uzaq saxlamağa səslədi.

"Məsələ ictimailləşdirilməli, günahkarlar cəzalandırılmalıdır. Kapital banka müraciət etdik,  bildirildi ki, hansı bankomatdan çıxarılmasını polisə təqdim edə bilərik. Hazırda Abşeron Polis Şöbəsində bu məsələ ilə ciddi məşğuldurlar. Valideynlər övladlarına diqqət etməlidirlər ki, bu dələduzların toruna düşməsinlər", - deyə o əlavə etdi.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən anews.az-a bildirildi ki, zərərçəkənlərin şikayət ərizələri alınıb və hadisə araşdırılır.
 
"Sözügedən hadisə yanvarın 16-da baş verib. Həmin tarixdə zərərçəkən yeniyetmə pulu onlayn şəkildə göndərib və o tarixdən də adam ortalıqda yoxdur. Zərərçəkən 17 yaşlı  Məhəmməd Təyyar oğlu Hüseynli və Təyyar Əyyar oğlu Hüseynli Abşeron Rayon Polis Şöbəsinə dəvət edilib, onlar dinlənilib və şikayət ilə bağlı ərizələri alınıb. Müvafiq əməliyyat tədbirləri keçirilib. Bura da başlıca olaraq yeniyetmə ilə əlaqə quran şəxsin telefon nömrəsinin araşdırılması, vəsiqə sahibinin müəyyənləşdirilməsi və digər zəruri istintaq tədbirləri daxildir. Hazırda da  zərərverən şəxsin  tapılması  və məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir", - deyə DİN-dən verilən məlumatda qeyd edilib. 
 
Məsələni gündəmdə saxlayacağıq. İlahiyyatçı Təyyar Hüseynlinin məsələ ilə bağlı anews.az-a göndərdiyi fotoları təqdim edirik:
 










 

 Ləman Qasımova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti