İlanlarla yaşayan, doyunca yemək yeməyən azyaşlılar…

10:12 | 01.07.2022
İlanlarla yaşayan, doyunca yemək yeməyən azyaşlılar…

İlanlarla yaşayan, doyunca yemək yeməyən azyaşlılar…

Ailə ünvanlı sosial yardım da ala bilmir.

Şabranın Qazbabalı kəndində yaşayan Əliyevlər ailəsinin vəziyyəti acınacaqlıdır. Onlar ünvanlı yardım da ala bilmirlər.

"2-3 il əvvəl bu şərtlə düzəltdilər ki, 1 ilin 4 ayının pulu şöbədəki adama çatacaq, başqa çarəmiz yox idi, razılaşdıq…”.

Təxminən 14 kvadrat metrlik otaqda yaşayan 6 nəfərlik ailədəki 4 azyaşlı uşaq doyunca yemək də yeyə bilmir.
"Ətrafı polietilenlə bağlamışıq ki, evə qurd-quş girməsin”

Uşaqların dördü də qızdır – ən böyüyünün 11, ən kiçiyinin isə 3 yaşı var. Uşaqların atası İslam Əliyev günəmuzd fəhlə işləyir.


Həyat yoldaşı Sevinc Alırzayeva danışır ki, qazancı ailənin ən zəruri ehtiyaclarını belə, tam ödəməyə yetmir.

Onun sözlərinə görə, dağ kəndi olduğundan Qazbabalıda qış da sərt keçir:

"Hətta bu kiçik otağı belə qızdıra bilmirik. Həm bu yerlərdə qışda çox soyuq olur, həm də otağın düz-əməlli qapı-pəncərəsi yoxdur.

Qaz, əl-üz yuyulan yer çöldə – evin qarşısındadır. Sadəcə, ətrafını polietilenlə bağlamışıq ki, qurd-quş gəlib keçməsin”.
Yay girəndən otağa 2 dəfə ilan girib

Yerli sakinlər deyir ki, bu kənddə canavar, çaqqal çox olur. Xüsusən qış vaxtı gecələr həyətlərə girib, mal-heyvanı, toyuq-cücəni yeyir.

Köhnə evlərdə yaşayanlar isə yayda başqa bir təhlükə ilə də üzləşirlər – ilanlar nəinki həyətlərdə sürünür, hətta evlərə də daxil olur.
 


32 yaşlı Sevinc Alırzayeva danışır ki, təkcə, bu yay iki dəfə qaldıqları otağa ilan girib:

"Hətta bir dəfə Zəhra (evin 11 yaşlı ən böyük uşağı) da görüb. Uşaqlara görə çox narahatam. Kiçik qızlardan Rəhilənin 3, Ruqəyyanın 5 yaşı var. Onlar nə qanırlar ilan nədir? Uşaqları qoyub çölə çıxmağa da qorxuram”.
"Dağın başında rəsmi iş yerini haradan tapım?”

Acınacaqlı vəziyyətdə olan ailə ünvanlı sosial yardım da ala bilmir. Sevinc Alırzayevanın sözlərinə görə, təxminən 2-3 il əvvəl ailəyə 1 il ərzində ünvanlı sosial yardım verilib:

"Onda da bu şərtlə düzəltdilər ki, 1 ilin 4 ayının pulu o şöbədəki adama çatacaq, qalanı bizə. Başqa çarəmiz yox idi, razılaşdıq. Çünki bizim üçün 10 manat da böyük puldur. Fikirləşdik ki, qalan 8 ayı almasaq neyləyəcəyik?! Bir ildən sonra o da kəsildi. Maraqlanmışıq, biri deyir, "sizə düşmür”, digəri "rəsmi iş yeri olmalıdır”, – söyləyir. Dağın başında rəsmi iş yerini haradan tapım?”

Dövlət Sosial Müdafiə Fondu nə deyir?

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr deprtamentindən bildirilib ki, ailəyə ünvanlı sosial yardım təyin olunması müqabilində bu qurumun əməkdaşlarının onlardan 4 aylıq ödəniş tələb etməsi haqda iddialar əsassızdır:

"Əgər vətəndaşın hər hansı bir faktı varsa, məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına və DSMF-yə müraciət edə bilər”.

Departamentdən onu da əlavə ediblər ki, bu ailə ünvanlı sosial yardımla bağlı 2019-cu il avqustun 26-da müraciət edib. Həmin zaman ailəyə 1 illik yardım təyin olunub:

"Həmin dövrdə Sevinc Alırzayevanın həyat yoldaşı İslam Əliyevin əvvəlki 12 ayda muzdlu işdən gəliri qeydə alınıb. O, VÖEN-lə istixanada bağban kimi əmək fəaliyyətilə məşğul olub. Lakin sonradan VÖEN-i bağlatdırıb. Hazırda İslam Əliyev işsizdir. Bundan sonra vətəndaşın sosial yardımla bağlı elektron müraciəti olmayıb”.Sorğudan sonra DSMF əməkdaşları Sevinc Alırzayeva ilə telefonla əlaqə saxlayıb. Ailənin sosial yardım almaq hüququnun müəyyənləşdirilməsi üçün ona suallar verilib:

"Dedilər ki, ailə 6 nəfərdən (özü, yoldaşı və 11, 9, 5, 3 yaşlarında övladı) ibarətdir və Şabran rayonunda yaşayırlar. Ailənin əmək qabiliyyətli üzvü İslam Zəbulla oğlu Əliyevin məşğulluğu təmin olunar və yenidən müraciət edilərsə, ailənin ünvanlı sosial yardımla bağlı müraciətinə baxıla bilər”, – deyə DSMF-dən bildirilib.(Meydan Tv)


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM