Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin "Minimum aylıq əməkhaqqının
artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamına
dəyişiklik edilməsi barədə” 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə minimum əmək
haqqının məbləği 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180
manata çatdırılıb.
İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil
Hüseyn bildirib ki, ölkəmizdə
işçilərin maddi-sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin
təmin edilməsi aparılan sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Məhz
sözügedən Sərəncam da bu məqsədlərə xidmət edir və ondan 600 minədək vətəndaşın
faydalanacağı gözlənilir: "Cənab Prezidentin Sərəncamı
ilə minimum aylıq əmək haqqı 38,4 faiz artırılması əhalinin gəlirlərinin
artırılması, rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm
addımdır. Minimum əməkhaqqının hazırkı artımı birbaşa olaraq 600 minədək insanı
əhatə edəcək. Belə ki, dövlət sektorunda işləyən 450 min nəfər və özəl sektorda işləyən 150 min nəfər bu sərəncamdan
faydalanacaqdır. Yəni dövlət sektoru üzrə 450
min işçinin əmək haqları 30 faiz, özəl sektor üzrə 150 min işçinin əmək
haqqları 15-20 faiz artacaq. Bununla yanaşı vergi və sığorta yığımları 150-200
milyon artacaq. Xüsusən də bu artım nəticəsində qadınların orta aylıq əmək
haqqı kişilərin orta əmək haqqına yaxınlaşacaq.
Bildiyiniz kimi son illər minimum
aylıq əməkhaqqının məbləği davamlı olaraq artırılır. 2004-cü illə müqayisədə
minimum əmək haqqı 6,5 dəfə artaraq 2018-ci ildə 130 manat təşkil edib. Yeni Sərəncamla
isə minimum aylıq əməkhaqqının məbləği əhəmiyyətli dərəcə artıb və minimum aylıq əmək haqqı yaşayış minimumu ilə
bərabərləşib. Bildiyiniz kimi ölkə
üzrə minimum aylıq əmək haqqı 130 manat, yaşayış minimumu 180 manat, ehtiyac
meyarı 143 manat idi. Ölkə üzrə 400 min şəxs 180 manatdan az əmək haqqı aldı, onların 67 faizi, yəni 270
mini dövlət sektorunda çalışır. Bu sərəncamdan
sonra isə minimum aylıq əmək haqqı yaşayış minimumuna bərabərləşdi və orta əmək haqqının 33 faizini təşkil etdi.Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət
büdcəsindən illik 400 milyon manat, 2019-cu il 10 ay ərzində isə 335 milyon
manata qədər əlavə vəsait yönəldiləcək. Eyni zamanda ölkə iqtisadiyyatının güclənməsi ilə qarşıdakı illərdə minimum aylıq əmək haqqının
daha da artırılacağı gözlənilir”.
Ramil Hüseyn
qeyd edib ki, minimum əməkhaqqının
artımı əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir
göstərəcək. Eyni zamanda nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinə əsasən müxtəlif
amillərə görə işçilərin əmək haqqı məbləğinin
hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək
haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !