"Report" xəbər verir ki, sentyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazax xanlığının 550 illik yubileyi münasibətilə Astanadakı Müstəqillik sarayında keçirilən təntənəli mərasimdə iştirak edib.
Təntənəli mərasim Qazaxıstanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Prezident Nursultan Nazarbayev mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, Qırğızıstan Prezidenti Almazbek Atambayevi, Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmazı və Türkmənistan baş nazirinin müavini Sapardurdu Toyliyevi salamlayıb.
Qazax xanlığının 550 illik yubileyinin ölkəsində geniş qeyd edildiyini vurğulayan Prezident Nursultan Nazarbayev xanlığın yaranma tarixindən danışdı. Qeyd etdi ki, əsası 1465-ci ildə qoyulan Qazax xanlığı sonrakı dövrdə daha da qüdrətlənərək Qazaxıstanda milli mədəniyyətin, dövlətçilik ənənələrinin formalaşmasında, qorunmasında və inkişafında mühüm rol oynayıb.
Qazaxıstan Prezidenti vurğuladı ki, ölkə müstəqilliyə qovuşduqdan sonra qədim dövlətçilik ənənələrinə malik olan türkdilli xalqların tarixi, o cümlədən Qazax xanlığı ilə bağlı samballı tədqiqat əsərləri yazılıb, tarixi şəxsiyyətlərin adları əbədiləşdirilib.
Qazaxıstanın müstəqilliyə qovuşmasından sonrakı dövrdən danışan Nursultan Nazarbayev ölkəsinin son illərdə sürətlə inkişaf etdiyini, mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırdı.
Prezident Nursultan Nazarbayev türkdilli xalqların ortaq kökə və tarixə malik olduğunu bildirərək türkdilli dövlətlər və xalqlar arasında birliyin, həmrəyliyin, əməkdaşlığın vacibliyini vurğuladı, ulu türk elinin ortaq vətənimiz olduğunu söylədi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !