İlham Əliyev: “Azərbaycanda heç vaxt dini-milli zəmində qarşıdurma olmayıb”

11:33 | 02.10.2014
İlham Əliyev: “Azərbaycanda heç vaxt dini-milli zəmində qarşıdurma olmayıb”

İlham Əliyev: “Azərbaycanda heç vaxt dini-milli zəmində qarşıdurma olmayıb”

“Dünyada baş verən bəzi hadisələr belə forumların keçirilməsini zəruri edir”. APA-nın məlumatına görə, bunu IV Bakı Beynəlxalq Forumunda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, dünyada humanitar təhlilin aparılması üçün belə foruma çox ehtiyac var: “Bakı Beynəlxalq Forumu çox vacib formata çevrilib. Azərbaycan humanitar aspektlərə həmişə böyük diqqət  göstərib”. Prezident bəyan edib ki, Azərbaycanda heç vaxt dini-milli zəmində qarşıdurma olmayıb: “Bu, bizim böyük sərvətimizdir. Dövlətin gücünü həm də cəmiyyətdə mövcud olan ab-hava, həmrəylik duyğuları müəyyən edir. Bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir. Biz bununla dünyaya müsbət töhfə veririk. Azərbaycanda əsrlər boyu multimədəniyyətli cəmiyyətlər mövcud olub, xalqlar arasında dostluq və həmrəylik bunun nümunəsidir. Azərbaycanın bir sıra təşəbbüsləri dünyada öz əksini tapıb. Məsələn, 2008-ci ildə Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət tədbirinə İslam Konfransı Təşkilatına üzv dövlətlər də dəvət olundu. 2009-cu ildə İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasına üzv dövlətlərin nazirləri dəvət edilmişdi. Azərbaycanın təşəbbüsü ilə dünya dini liderlərinin zirvə görüşü keçirilib”.  Dövlət başçısı Azərbaycana qarşı işğalçılıq siyasəti aparıldığını, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin Ermənistan tərəfindən zəbt edildiyini, etnik təmizləmə siyasəti aparıldığını, Xocalı soyqırımı törədildiyini və yüzlərlə insanın qətlə yetirildiyini xatırladıb. O, BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların ərazilərdən çıxarılması barədə 4 qətnamə qəbul etdiyini də nəzərə çatdırıb: “Bu qətnamələr yerinə yetirilmir, ikili standartlarla üzləşirik. Bilirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən bir gündə yerinə yetirilir. İslam Konfransı Təşkilatı, Avropa Şurası da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlar qəbul edib. Soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdır. Baxmayaraq ki, o torpaqlarda artıq həyat yoxdur, hər şey dağıdılıb. ATƏT-in Faktaraşdırıcı Missiyasının iki məruzəsində göstərilib ki, məscidlər, tarixi abidələr, qəbiristanlıqlar dağıdılıb. Bu, böyük humanitar fəlakətdir. Azərbaycan qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi, onların problemlərinin həlli üçün işlər görüb. Lakin hələ də onların bir hissəsi ağır şəraitdə yaşayır”. Prezident İ. Əliyev bütün bunlara baxmayaraq, Azərbaycanın dayanıqlı inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, humanitar sahə hökumətin prioritet sahələrindən biridir: “Təhsilə böyük diqqət göstərilir. Son 10 ildə 3 minə qədər məktəb tikilib. Təhsildə islahatlar aparılır və yaxın gələcəkdə bu islahatların nəticəsini görəcəyik. Tələbələr xarici ölkələrə göndərilir”. Dövlət başçısı  bildirib ki, mutlimədəniyyətli cəmiyyət, xalqlar arasında dostluq və qardaşlıq dövləti gücləndirir. İqtisadi və sosial sahədə əldə edilən uğurlardan danışan İ. Əliyev yoxsulluqla mübarizənin başa çatmaqda olduğunu, yaxın illərdə yoxsulluğun bir amil kimi aradan götürüləcəyini vurğulayıb. Prezident bəzi dövlətlərdə neft gəlirlərindən düzgün istifadə edilmədiyini deyib: “Biz isə neft gəlirlərini insan kapitalına çevirməyə nail olmuşuq. Azərbaycan bu gün kosmik sənaye ölkələrindən birinə çevrilib. Azərbaycan hazırda siyasi və iqtisadi cəhətdən müstəqil ölkədir. Bu, dünya ölkələri tərəfindən dəstəklənir. Azərbaycan bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdi. Bu da bizim dünyadakı rolumuzu, müstəqil siyasətimizi əks etdirir. Dünya birliyinin əksəriyyəti bizə inanır”. Prezident qeyd edib ki, hər bir dövlət müstəqil siyasət aparsa, problemlər də aradan qalxar: “Bu gün foruma 60-dan çox ölkədən nümayəndə gəlib. Biz yığışıb müzakirə edirik ki, dünyadakı prosesləri necə müsbət istiqamətə yönəldək. Dünyada irqçilik, ayrı-seçkilik artır. Biz bu tendensiyaları narahatlıqla izləyirik. Forumda bu tendensiyaların qarşısının alınması istiqamətində müzakirə aparacağıq. Bəzən deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Ancaq dünyada multikulturalizmin alternativi yoxdur. Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya, ona məhəl qoymaya bilməz. Ona görə də bu məsələlər barədə danışmalı, lazım gələndə irad tutmalıyıq. Biz çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, ölkələr, millətlər arasında əlaqələr yaxşılaşsın, dinlərarası dialoq inkişaf etsin”. Prezident İlham Əliyev müsəlman aləmində gedən proseslərin Azərbaycanı çox narahat etdiyini vurğulayıb: “Bu qanlı toqquşmalar ölkələri məhv edir. Biz buna təcrid olunmuş proses kimi baxa bilmərik. Eyni zamanda Avropada miqrantlara qarşı münasibətin pisləşməsi, ayrı-seçkiliyə tərəfdar olan qüvvələrin daha böyük səs toplaması hamımızı narahat etməlidir. Müasir dünyada Azərbaycanın unikal rolu var, biz Avropa və Asiya arasında, qədim İpək Yolunda yerləşən ölkəyik. Biz həm Avropanı, həm də Asiyanı yaxşı anlayırıq”. İ. Əliyev iki il əvvəl Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin keçirildiyini xatırladıb: “Müsəlman ölkəsində belə müsabiqənin keçirilməsi mühüm hadisədir. İlk Avropa Olimpiya Oyunları Bakıda keçiriləcək. İki il sonra isə Bakıda İslam İdman Oyunları keçiriləcək. Bugünkü Azərbaycan budur, biz Avropa və müsəlman ailəsinin üzvüyük. Bunun mümkün olduğunu ortaya qoyuruq. Cəmiyyətdə müsbət tendensiyalar olanda böyük uğurlara imza atmaq mümkündür”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM