“Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir, ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib. Dövlət başçısı qeyd edib ki, bir neçə il bundan əvvəl Azərbaycanda “Ekologiya ili” elan edilib: “Xatırlayıram, o vaxt biz “Ekologiya ili”ndə görülən işləri müzakirə edərkən mən demişdim ki, “Ekologiya ili” hər il olmalıdır. Çünki ətraf mühit xüsusilə Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biridir. Burada illər, əsrlər boyu neftlə çirklənmiş gölməçələr, yerlər, ekoloji cəhətdən məqbul olmayan mənzərə vardır. Biz son illərdə bu istiqamətdə çox böyük işlər görmüşük. Çünki neft hasilatı Azərbaycanda artıq 200 ilə yaxındır ki, aparılır. Ancaq əfsuslar olsun ki, ekoloji vəziyyətə diqqət lazımi səviyyədə olmamışdır. Yadınıza salın, Bibiheybət buxtası nə gündə idi, bir fəlakət mənzərəsi idi. İndi ora tamamilə təmizlənib. Buruqlar yerində qalıb, ətrafı təmizlənib. İndi göstəriş vermişəm ki, orada, o buruqların arasında ağacəkmə kampaniyası da başlasın. Biz oranı yaşıllıq zonasına çevirməliyik. Şəhərin mərkəzində yod zavodu fəaliyyət göstərirdi. Sonra fəaliyyəti dayandırılmışdı. Ancaq orada qalan o yod çöküntüləri ətraf mühitə nə qədər böyük ziyan vururdu. Biz oranı da təmizlədik, o məsələ də ən yüksək səviyyədə öz həllini tapmışdır. Balaxanı zibilxanası yanırdı, tüstü verirdi. O tüstü bütün şəhəri bürümüşdü, nəfəs almaq mümkün deyildi. Nəinki Balaxanı sakinləri, bütün şəhər o tüstüdən əziyyət çəkirdi. Biz oranı da təmizlədik. İndi poliqonda bir dənə də olsun tullantı, zibil yoxdur. Ağaclar əkilib, tüstü də yoxdur. Böyük maliyyə vəsaiti hesabına zibilyandırma zavodu tikilib fəaliyyət göstərir. Yəni, belə misallar çoxdur. Ağacəkmə kampaniyası zamanı on milyondan çox ağac əkilib və bu proses davam etdirilir. Ona görə biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik”. Ağackəsmənin tam şəkildə dayandırılmasını zəruri sayan prezident İ. Əliyev deyib ki, aidiyyəti qurumlar təklif versinlər: “Biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !