APA-nın məlumatına görə, dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Azərbaycan Prezidentinə burada görülən abadlıq işləri barədə məlumat verib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Daşkəsəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcək. Bunun üçün internet sinfi, elektron kitabxana və kompyuter mərkəzi qurulub. Məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər də mövcuddur. Burada, həmçinin rəsm studiyası və xalçaçılıq kursları da fəaliyyət göstərəcək. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar. Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Dövlət başçısı otaqlarda yaradılan şəraitlə tanış olub.Məlumat verilib ki, otaqların hamısı müasir tələblər səviyyəsində qurulub, burada bütün texniki imkanlar yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan yaradır. Akt zalında tədbirləri yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Binada kitabxana, iclas və konfrans zalları var. Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bütün icra nümayəndəlikləri şəbəkəyə qoşulub. İcra hakimiyyətinin binası, eyni zamanda, şəhərin simasına yeni görkəm verir. Binanın yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.ANN.Az