Prezident İlham Əliyev “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.APA-nın məlumatına görə, fərmana əsasən, ölkənin geoloji keçmişinin, flora və faunasının, insanın formalaşması və mədəni inkişafı tarixinin, qədim və müasir dövrlərdə ekoloji şəraitin nümayiş etdirilməsinin daha səmərəli təşkili məqsədi ilə dövlət başçısı aşağıdakıları qərara alıb: “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası” təsdiq edilsin (əlavə olunur). Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Təbiət Tarixi Muzeyi yaradılsın. Nazirlər Kabinetinə tapşırılıb ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Konsepsiyanı nəzərə almaqla, AMEA nəzdində Təbiət Tarixi Muzeyinin nizamnaməsini və strukturunu Azərbaycan prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin; Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Konsepsiyaya uyğun olaraq AMEA nəzdində Təbiət Tarixi Muzeyinin fəaliyyətə başlaması üçün Azərbaycan prezidentinə məlumat verməklə AMEA ilə birlikdə zəruri tədbirlər görsün; 2015-ci il və sonrakı illər üzrə AMEA nəzdində Təbiət Tarixi Muzeyinin Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görsün; Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə AMEA nəzdində Təbiət Tarixi Muzeyi üçün zəruri yer ayrılmasını dörd ay müddətində təmin etsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi AMEA ilə birlikdə bu Fərmanın 3.2-ci bəndində göstərilən müddətdə AMEA nəzdində Təbiət Tarixi Muzeyinin zəruri eksponatlarla təchiz edilməsini təmin etsin.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !